57. əl-Hədid
"Dəmir" surəsi, 29 ayə,
Mədinədə nazil olub.
1 - Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.
2 - Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir.
3 - Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir.
4 - Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür.
5 - Göylərin və yerin hökmranlığı Ona məxsusdur. (Bütün) işlər ancaq Allaha qaytarılacaqdır.