səhifələr

12. Yusuf , "Yusuf" surəsi

12. Yusuf
"Yusuf" surəsi, 111 ayə,
Məkkədə nazil olub.          

1 - Əlif. Ləm. Ra. Bu, açıq-aydın Kitabın ayələridir.
2 - Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz.
3 - Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin.
4 - Bir zaman Yusuf atasına dedi: “Atacan! Mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”.
5 - O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.
6 - Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir”.
7 - Sözsüz ki, Yusuf və onun qardaşlarının (hekayətində) soruşanlar üçün ibrətlər vardır.
8 - Bir vaxt (onun qardaşları) dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusuf və onun (doğma) qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir.
9 - Yusufu ya öldürün, ya da onu (uzaq) bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”.
10 - Onlardan biri dedi: “Yusufu öldürməyin! Əgər (ona qarşı hökmən) nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!”
11 - Onlar dedilər: “Ey atamız! Sənə nə olub ki, Yusufu bizə etibar etmirsən? Həqiqətən də, biz ona xeyir arzulayırıq.
12 - Sabah onu bizimlə göndərsən, bir qədər əylənib oynayar. Biz onu mütləq qoruyarıq!”
13 - O dedi: “Onu aparmağınız məni narahat edər. Həm də qorxuram ki, sizin başınız oyuna qarışıb onu nəzarətsiz qoyduqda, canavar onu yesin”.
14 - Onlar dedilər: “Biz bütöv bir dəstə olduğumuz halda canavar onu yesə, demək biz ziyana uğrayanlarıq”.
15 - (Qardaşları) onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”.
16 - Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəlib
17 - dedilər: “Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”.
18 - (Qardaşları) onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. (Yaqub) dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. (Mənə) gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”.
19 - (Quyunun yaxınlığına) bir karvan gəldi və suçularını (su dalınca) göndərdilər. O, su qabını (quyuya) saldı və: “Şad xəbər! Burada bir oğlan uşağı vardır!”– dedi. (Karvan əhli) onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi.
20 - Onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Onlar onu çox qiymətləndirmədilər.
21 - Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”– dedi. Beləliklə, Yusufu yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu (bunu) bilmir.
22 - (Yusuf) yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək (bacarığı) və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
23 - Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!”– dedi. O isə: “Allah uzaq eləsin! Axı (sənin ərin) mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”– dedi.
24 - (Qadın) ona meyl etmişdi. Əgər (Yusuf) Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır.
25 - Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. (Qadın) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!”
26 - (Yusuf) dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. (Qadının) ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, (qadın) doğru deyir, o isə yalançılardandır.
27 - Yox əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o isə doğru danışanlardandır”.
28 - (Qadının əri) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin (qadın) hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür.
29 - Yusuf, sən bundan (bu işi açıb danışmaqdan) vaz keç! Sən də (ey arvad), günahına görə bağışlanma dilə. Çünki sən, günah işlətmisən”.
30 - Şəhərdəki qadınlar dedilər: “Zadəgan kişinin arvadı cavan köləsini yoldan çıxartmaq istəyir. Ehtiras onu coşdurmuşdur. Biz onu aşkar bir azğınlıq içində görürük”.
31 - Qadın onların dedi-qodularından xəbər tutduqda (qonaqlığa gəlmək üçün) onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (məclis qurdu), onların hər birinə bir bıçaq verdi və (Yusufa): “Onların qarşısına çıx!”– dedi. (Qadınlar) (Yusufu) gördükdə onu o qədər təriflədilər ki, (unudub meyvə əvəzinə) öz əllərini kəsdilər və dedilər: “Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!”
32 - (Qadın) dedi: “Barəsində məni qınadığınız (oğlan) bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır”.
33 - (Yusuf) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”.
34 - Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, Eşidəndir, Biləndir.
35 - (Bu qədər) dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər.
36 - Onunla birlikdə iki gənc də zindana salındı. Onlardan biri dedi: “Mən (yuxuda) gördüm ki, (üzümdən) şərab sıxıram”. Digəri isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan (dimdikləyib) yeyir. Bunun yozumunu bizə bildir. Həqiqətən, Biz səni yaxşı adam hesab edirik”.
37 - O dedi: “Sizə veriləcək yemək gəlməmişdən əvvəl mən bunun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Mən Allaha iman gətirməyən, özləri də axirəti inkar edən adamların dinindən uzaqlaşmışam.
38 - Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və (bütün) insanlara olan lütfüdür, lakin insanların çoxu şükür etmir.
39 - Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı tanrılar yaxşıdır,  yoxsa Tək olan, (hər şeyə) Qalib gələn Allah?
40 - Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir.
41 - Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başını (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz işə qabaqcadan qərar verilmişdir”.
42 - (Yusuf) onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona (Yusufu) ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı.
43 - Padşah dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu gördüm. Ey zadəganlar! Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin”.
44 - Onlar dedilər: “(Bunlar) qarmaqarışıq yuxulardır. Biz (belə) yuxuların yozumunu bilmirik”.
45 - İki nəfərdən qurtulmuş olanı, uzun müddətdən sonra xatırlayaraq dedi: “Mən sizə onun yozumunu bildirərəm. Bircə məni (Yusufun yanına )göndərin!”
46 - (O, zindana gəlib dedi:) “Ey Yusuf! Ey düz danışan kişi! Yeddi arıq inəyin yeddi kök inəyi yediyi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru (sünbüllər) barədə bizə xəbər ver. Ola bilsin ki, mən o adamların yanına qayıdım, bəlkə onlar da bilsinlər”.
47 - (Yusuf) dedi: “Yeddi il bacardığınız qədər əkin. Biçdiyinizi isə, yeyəcəyiniz az bir miqdar istisna olmaqla, sünbüldə saxlayın.
48 - Sonra bunun ardınca, (toxumluq) saxlayacağınız az bir miqdar istisna olmaqla, əvvəlcədən həmin illər üçün tədarük gördüyünüzü yeyəcək yeddi ağır il (quraqlıq illəri) gələcək.
49 - Bunun ardınca da, elə bir il gələcək ki, onda insanlara bol yağış veriləcək və onlar (çoxlu meyvə şirəsi) sıxacaqlar”.
50 - Padşah dedi: “Onu yanıma gətirin!” Elçi onun yanına gəldikdə (Yusuf) dedi: “Ağanın yanına qayıt və soruş gör ki, əllərini doğrayan qadınların məqsədi nə idi? Şübhəsiz ki, Rəbbim onların hiyləsini bilir”.
51 - (Padşah qadınlara) dedi: “Yusufu yoldan çıxartmaqla nə məqsəd güdürdünüz?” Onlar dedilər: “Allah bizdən uzaq eləsin! Biz onun haqqında pis bir şey bilmirik”. Zadəgan kişinin isə arvadı dedi: “İndi haqq bəlli oldu. Onu mən yoldan çıxartmaq istəyirdim. Həqiqətən də, o, doğru danışanlardandır.
52 - Bu (etiraf) ona görədir ki, ərim yanımda olmadıqda ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin.
53 - Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”.
54 - Padşah dedi: “Onu yanıma gətirin! Onu özümə yaxın (adam) edəcəyəm”. Onunla söhbət etdikdə: “Sən bu gün yanımızda yüksək məqam sahibi, etibarlı bir adamsan”– dedi.
55 - O dedi: “Bu yerin xəzinələrini (qorumağı) mənə tapşır. Çünki mən qoruyanam, (bu işi) bilənəm”.
56 - Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik.
57 - İman gətirənlər və müttəqi olanlar üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir.
58 - Yusufun qardaşları (Misirə) gəlib onun yanına daxil oldular. (Yusufu) onları tanıdı, onlar isə onu tanımadılar.
59 - (Yusuf) onların ərzaq yüklərini hazırlayarkən dedi: “Atabir qardaşınızı yanıma gətirin! Məgər görmürsünüzmü ki, mən ölçüyə tam riayət edirəm və mən qonaqpərvərlərin ən yaxşısıyam?
60 - Əgər onu yanıma gətirməsəniz, mənim yanımda sizin üçün (bir qab belə) ərzaq verilməyəcək, özünüz də mənə yaxınlaşmayın”.
61 - Onlar dedilər: “Ona görə atasını razı salmağa çalışarıq. Biz əlbəttə, (bunu) edərik”.
62 - O, öz xidmətçilərinə dedi: “Onların (taxıl əvəzinə) ödədikləri mallarını da yüklərinin içinə qoyun ki, ailələrinin yanına döndükdə onu başa düşsünlər və ola bilsin ki, qayıtsınlar”.
63 - Onlar atalarının yanına qayıtdıqda dedilər: “Ey atamız! Daha bizə ərzaq verilməyəcək. Ölçüb (ərzaq) almaq üçün qardaşımızı bizimlə birlikdə göndər. Şübhəsiz ki, biz onu qoruyacağıq”.
64 - O dedi: “Daha öncə qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah daha yaxşı qoruyur. O, rəhmlilərin ən rəhmlisidir”.
65 - Onlar yüklərini açdıqda verdikləri mallarının da özlərinə qaytarıldığını görüb dedilər: “Ey atamız! Bizə daha nə lazımdır ki? Budur, sərmayəmiz özümüzə qaytarılıb. Biz ailəmizi ərzaqla təmin edər, qardaşımızı qoruyar və bir dəvə yükü artıq (ərzaq) alarıq. Bu isə satın aldığımızın az bir miqdarıdır”.
66 - O dedi: “Əhatə olunub çarəsiz qalmanız istisna olmaqla, onu yanıma gətirəcəyinizə dair Allaha and içməyincə onu sizinlə göndərməyəcəyəm”. Onlar and içdikdə (Yaqub) dedi: “Allah söylədiklərimizə Vəkildir”.
67 - O dedi: “Ey oğullarım! (Şəhərə) bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”.
68 - Atalarının onlara əmr etdiyi yerlərdən daxil olmalarının Allahın yanında onlar üçün heç bir faydası olmadı, lakin (bu) Yaqubun nəfsindəki bir istək idi ki, onu da yerinə yetirdi. Həqiqətən də, o, elm sahibi idi, çünki onu Biz öyrətmişdik. Lakin insanların çoxu (bunu) bilmir.
69 - Onlar Yusufun yanına daxil olduqda o, qardaşını bərk-bərk qucaqlayıb dedi: “Həqiqətən, mən sənin qardaşınam. Onların tutduqları işlərə görə kədərlənmə”.
70 - (Yusuf) onları azuqə ilə təmin edərkən qardaşının yükünün içinə bir piyalə qoydu. Sonra bir carçı qışqırıb dedi: “Ey karvan əhli! Siz oğrusunuz!”
71 - (Qardaşlar) onlara tərəf dönüb: “Nə itirmisiniz?”– dedilər.
72 - Onlar dedilər: “Padşahın piyaləsini itirmişik. Onu gətirənə bir dəvə yükü (ərzaq) veriləcək”. (Carçı): “Mən buna zaminəm!”– (dedi).
73 - Onlar dedilər: “Allaha and olsun! Siz bilirsiniz ki, biz (bu) yerlərə fitnə-fəsad törətmək üçün gəlməmişik və biz oğru da deyilik».
74 - Onlar dedilər: “Əgər yalançısınızsa, onda onun cəzası nədir?”
75 - (Qardaşlar) dedilər: “Onun cəzası – (itmiş piyalə,) yükündə tapılan kimsənin özünün (kölə edilərək) cəzalandırılmasıdır. Biz zalımları belə cəzalandırırıq”.
76 - O, qardaşının yükündən əvvəl onların yüklərini (axtarmağa) başladı, sonra da piyaləni qardaşının yükündən çıxartdı. Biz Yusufa belə bir tədbir öyrətdik. Yoxsa padşahın qanunlarına görə, o, qardaşını tutub (öz yanında) saxlaya bilməzdi. Allahın istəyi isə istisnadır. Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır.
77 - Onlar dedilər: “Əgər o oğurlayıbsa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusuf bunu öz içində gizlədib onlara açıb söyləmədi və (öz-özünə:) “Siz daha pis mövqedəsiniz. Allah sizin nə dediyinizi çox yaxşı bilir”– dedi.
78 - Onlar dedilər: “Ey hökmdar! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi götür. Həqiqətən, Biz səni yaxşı adam hesab edirik”.
79 - O dedi: “Allah eləməsin ki, yanında malımızı tapdığımız kəsdən başqasını tutub saxlayaq. Onda biz zalımlardan olarıq”.
80 - Ondan ümidlərini kəsdikdə məsləhətləşmək üçün bir kənara çəkildilər. Onların böyüyü dedi: “Atanızın sizə Allaha and içdirməsi, bundan əvvəl də Yusufa qarşı haqsızlıq etdiyiniz yadınızdadırmı? Atam mənə izn verməyincə və ya mənə aid Allah hökm verməyincə mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən yaxşısıdır. 
81 - Atanızın yanına qayıdın və deyin: “Ey atamız! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik etdik. Biz qeybi bilənlər deyilik.
82 - Olduğumuz kənddən və birlikdə gəldiyimiz karvandan soruş. Biz, həqiqətən də, doğru danışırıq”.
83 - (Yaqub) dedi: “Xeyr, sizin nəfsiniz sizi (bu )işə sövq etdi. (Mənə isə) yaxşı səbir (gərəkdir). Ola bilsin ki, Allah onların hamısını mənə qaytarsın. Həqiqətən də, O, Biləndir, Müdrikdir”.
84 - (Yaqub) onlardan üz döndərdi və: “Heyf Yusufdan!”– dedi. Kədərdən onun gözlərinə ağ gəldi. O, (dərdini öz içində) saxlayırdı.
85 - Onlar dedi: “Allaha and olsun ki, Yusufu sən tez-tez yada salmaqla axırda əldən düşəcək, ya da öləcəksən”.
86 - O dedi: “Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm və Allahdan (nazil olan vəhy sayəsində) sizin bilmədiklərinizdən agah oluram.
87 - Ey oğullarım! Yusuf və qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”.
88 - Onlar (Yusufun) yanına girdikdə dedilər: “Ey hökmdar! Biz və ailəmiz fəlakətə uğramışıq. Bir az mal gətirmişik. Bizə bunların əvəzində ölçünü tam elə və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar”.
89 - O dedi: “Sizin nadanlığınız dövründə Yusufa və qardaşına nələr etdiyiniz yadınızdadırmı?”
90 - Onlar dedilər: “Yoxsa sən özün Yusufsan?” O dedi: “Mən Yusufam, bu da qardaşımdır. Allah bizə mərhəmət etmişdir. Kim (Allahdan) qorxsa və səbir etsə, (bilsin ki,) Allah yaxşı iş görənlərin mükafatını puç etməz”.
91 - Onlar dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz isə günahkar olmuşuq”.
92 - (Yusuf) dedi: “Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir.
93 - Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. (Sonra da) bütün ailənizlə birlikdə yanıma gəlin”.
94 - Karvan (Misir torpağından )ayrılanda ataları dedi: “Mən, həqiqətən də, Yusufun qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız”.
95 - Onlar dedilər: “Allaha and olsun ki, sən hələ də öz köhnə yanlışlığından əl çəkməmisən”.
96 - Müjdəçi gəlib köynəyi onun üzünə atan kimi gözləri açıldı və o dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allahdan (gələn vəhy sayəsində )sizin bilmədiklərinizi bilirəm?”
97 - Onlar dedilər: “Ey atamız! (Allahdan) bizim günahlarımızın bağışlanmasını dilə. Doğrudan da, biz, günahkar olmuşuq”.
98 - O dedi: “Mən Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.
99 - Onlar Yusufun yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!”
100 - O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir.
101 - Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur”.
102 - Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin.
103 - Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir.
104 - Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmirsən. Bu (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir.
105 - Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, (insanların çoxu) onların yanından üz çevirib keçirlər.
106 - Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir.
107 - Məgər onlar Allahın (hər )(şeyi) bürüyən əzabının onları qaplamayacağına və ya özləri də hiss etmədən o Saatın onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi?
108 - De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”.
109 - Biz səndən əvvəl də məmləkət əhlindən yalnız özlərinə vəhy etdiyimiz kişilərdən elçi göndərdik. Məgər (müşriklər) yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlər? Əlbəttə, Axirət yurdu (Allahdan) qorxanlar üçün daha xeyirlidir. Məgər anlamırsınız?
110 - Elçilər (hər dəfə) ümidlərini itirdikdə və özlərinin yalançı hesab edildiklərini güman etdikdə köməyimiz onlara gəlir və dilədiyimiz kəs də nicat tapırdı. Günahkar tayfadan əzabımız əsla dəf olunmaz.
111 - Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir.