səhifələr

15. əl-Hicr, "Hicr" surəsi

15. əl-Hicr
"Hicr" surəsi, 99 ayə,
Məkkədə nazil olub.          

1 - Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.
2 - Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar.
3 - Qoy onlar (bir müddət) yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.
4 - Məhv etdiyimiz hər bir diyarın məlum bir yazısı var idi (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdi).
5 - Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər.
6 - (Kafirlər) dedilər: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən.
7 - Əgər doğru danışanlardansansa, nəyə görə (dediyinə şahidlik edə bilən) mələkləri bizə gətirmirsən?”
8 - Biz mələkləri ancaq haqqı (bərqərar etmək üçün) endiririk. O zaman kafirlərə möhlət verilməz.
9 - Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.
10 - Biz səndən öncə də əvvəlki millətlərə (elçilər) göndərmişdik.
11 - Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər.
12 - Beləcə, Biz (küfrü) günahkarların qəlbinə yeridirik.
13 - Onlar (hələ də) ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara bəllidir.
14 - Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar,
15 - (yenə də inanmayıb:) “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik”– deyərdilər.
16 - Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik.
17 - Onları qovulmuş hər bir şeytandan qoruduq.
18 - Ancaq (şeytanlardan) kim (göy əhlinin danışıqlarına) xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər.
19 - Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik.
20 - Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq.
21 - Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk.
22 - Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. (Belə olmasaydı,) siz onu yığıb saxlaya bilməzdiniz.
23 - Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və (hər şeyə) varis olan da Bizik.
24 - Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik.
25 - Həqiqətən, Rəbbin onları (bir yerə) toplayacaq. Çünki O, Müdrikdir, Biləndir.
26 - Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq.
27 - Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq.
28 - Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam!
29 - Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”
30 - Mələklərin hamısı (ona) səcdə etdilər.
31 - Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi.
32 - (Allah) dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?”
33 - (İblis) dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
34 - (Allah) dedi: “Oradan çıx! Artıq sən qovuldun.
35 - Haqq-hesab gününə qədər sənə lənət olacaqdır”.
36 - (İblis) dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”.
37 - (Allah) dedi: “Sən möhlət verilənlərdənsən.
38 - Ancaq məlum vaxtın gününə qədər”.
39 - (İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam.
40 - Yalnız Sənin sadiq qullarından başqa”.
41 - (Allah) dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur.
42 - Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlar istisnadır”.
43 - Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir.
44 - Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur.
45 - Sözsüz ki, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar.
46 - (Onlara deyiləcək): “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!”
47 - Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.
48 - Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar.
49 - Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm.
50 - Əzabım isə üzücü əzabdır.
51 - Onlara İbrahimin qonaqları barəsində də xəbər ver.
52 - O zaman onlar İbrahimin yanına daxil olub: “Salam!”– dedilər. (İbrahim): “Biz sizdən ehtiyat edirik!”– dedi.
53 - (Mələklər): “Qorxma! Həqiqətən, biz səni bilikli bir oğulla müjdələyirik!”– dedilər.
54 - (İbrahim) dedi: “Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?”
55 - Onlar dedilər: “Biz sənə həqiqətlə müjdə veririk. Sən ümidini üzənlərdən olma!”
56 - (İbrahim) dedi: “(Doğru yoldan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”
57 - (İbrahim) dedi: “Ey elçilər! Vəzifəniz nədir?”
58 - Onlar dedilər: “Biz günahkar adamları (məhv etməyə) göndərilmişik.
59 - Yalnız Lutun ailəsi istisnadır. Biz onların hamısını xilas edəcəyik.
60 - (Lutun )arvadından başqa. Biz onun geridə qalanlardan olmasına qərar verdik”.
61 - Elçilər Lut əhlinin yanına gəldikdə
62 -  dedi: “Siz yad adamlarsınız!”
63 - Onlar dedilər: “Xeyr, biz sənin yanına onların şübhə etdiyi (əzab) ilə gəlmişik.
64 - Biz sənin yanına doğru xəbərlə gəlmişik. Həqiqətən də, biz doğru danışanlarıq.
65 - Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə yollanın”.
66 - Biz ona vəhy etdik ki, sübh çağı onların kökü kəsiləcək.
67 - Şəhər əhalisi bir-birini muştuluqlayaraq (onun yanına) gəldilər.
68 - (Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin!
69 - Allahdan qorxun və məni hörmətdən salmayın!”
70 - Onlar dedilər: “Məgər biz sənə (bura gələn) adamları (qonaq saxlamağı) qadağan etməmişik?”
71 - (Lut) dedi: “Bunlar mənim qızlarım! Əgər istəyirsinizsə, (onlarla evlənin)!”
72 - (Ey Muhəmməd!) Sənin canına and olsun ki, onlar sərxoş halda veyl-veyl gəzirdilər.
73 - Günəş doğanda qorxunc səs onları yaxaladı.
74 - Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq.
75 - Şübhəsiz ki, bunda, başa düşənlər üçün dəlillər vardır.
76 - Həqiqətən, onlar (Məkkədən )(Şama gedən) yolun üstündə yaşayırdılar.
77 - Şübhəsiz ki, bunda, möminlər üçün dəlillər vardır.
78 - Əykə əhli da zalım idi.
79 - Onlardan da intiqam aldıq. Hər iki kənd aydın görünən yol üzərində yerləşirdi.
80 - Hicr əhli də elçiləri yalançı saydı.
81 - Biz onlara ayələrimizi göndərdik, lakin onlar (bu )ayələrdən üz döndərdilər.
82 - Onlar təhlükəsizlikdə qalmaq üçün dağlarda evlər yonurdular.
83 - Onları sübh çağı qorxunc səs yaxaladı.
84 - Qazandıqları (dünya malı) isə onlara heç bir fayda vermədi.
85 - Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla.
86 - Həqiqətən, Rəbbin Yaradandır, Biləndir.
87 - Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik.
88 - Onların bəzi təbəqələrinə verdiyimiz (fani) dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran
89 - və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!”
90 - Biz (Quranı) bölənlərə də beləcə (əzab) endirmişdik.
91 - Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər).
92 - Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq –
93 - törətdikləri əməllər barəsində.
94 - Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.
95 - Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik.
96 - O kəslər ki, Allaha başqa tanrı şərik qoşurlar. Onlar tezliklə biləcəklər.
97 - Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik.
98 - Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol!
99 - Sənə ölüm gələnədək Rəbbinə ibadət et.