səhifələr

23. əl-Muminun, "Möminlər" surəsi

23. əl-Muminun
"Möminlər" surəsi, 118 ayə,
Məkkədə nazil olub.          

1 - Möminlər, həqiqətən də, nicat tapmışlar;
2 - o kəslər ki, namazlarında mütidirlər,
3 - o kəslərdir ki, sözbazlıqdan qaçırlar,
4 - o kəslərdir ki, zəkat verirlər,
5 - o kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar,
6 - zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar (buna görə heç) qınanmazlar.
7 - Bundan artığına can atanlarsa həddi aşanlardır.
8 - O (mömin) kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar.
9 - O kəslər ki, namazlarını  öz vaxtlarında qılırlar.
10 - Məhz onlardır varis olanlarınız.
11 - Firdovs cənnətinə varis olanlar orada əbədi qalacaqlar.
12 - Həqiqətən, Biz, insanı palçıq cövhərindən yaratdıq.
13 - Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik.
14 - Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq tək xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!
15 - Şübhəsiz ki, bundan sonra siz mütləq öləcəksiniz.
16 - Sonra da Qiyamət günü dirildiləcəksiniz.
17 - Biz sizin üstünüzdə yeddi göyü yaratdıq. Məxluqatımızdan da xəbərsiz olmamışıq.
18 - Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu yox edə də bilərik.
19 - Sonra həmin su ilə xurma ağaclarını və üzüm bağlarını sizin üçün yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır.
20 - Biz Sina dağında bir ağac bitirdik ki, (barından) yeyənlərə həm yağ və həm şirə verir.
21 - Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda (başqa )faydalar da var. Üstəlik onlardan yeyirsiniz də.
22 - Siz həm o heyvanlarla, həm də gəmilər ilə daşınırsınız.
23
Həqiqətən, Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Məgər qorxmursunuz?”
24 - Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah (elçi göndərmək) istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik.
25 - Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!”
26 - O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!”
27 - Biz ona vəhy etdik: “Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər canlıdan bir cüt (erkək və dişi), barəsində söz keçmiş (əleyhinə hökm verilmiş) kəslər istisna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar (suya) qərq olunacaqlar.
28 - Sən yanında olanlarla birlikdə gəmiyə mindiyin zaman de: “Bizi zalım adamlardan xilas edən Allaha həmd olsun!”
29 - (Həmçinin) de: “Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!”
30 - Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz (qullarımızı beləcə) sınağa çəkirik.
31 - Onlardan sonra isə başqa bir nəsil yaratdıq.
32 - Onlara da özlərindən bir elçi göndərdik. O dedi: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir ilahınız yoxdur. Məgər qorxmursunuz?”
33 - Qövmünün kafir olan, Axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: “O sizin kimi sadəcə bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir.
34 - Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız.
35 - O sizə ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra (dirildilib yenidən) çıxarılacağınızımı vəd edir?
36 - Sizə vəd olunan şey (həqiqətdən) çox uzaqdır, çox uzaq!
37 - Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirildiləcək deyilik.
38 - Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”.
39 - O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!”
40 - (Allah) dedi: “Onlar tezliklə peşman olacaqlar!”
41 - Onları qaçılması mümkün olmayan qorxunc bir səs yaxaladı. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. Məhv olsun zalım adamlar!
42 - Onlardan sonra başqa-başqa nəsillər yaratdıq.
43 - Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubandırar.
44 - Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca (məhv edib) əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyənlər!
45 - Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik –
46 - Fironun və onun əyanlarının yanına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini yüksək tutan adamlar idilər.
47 - Onlar dedilər: “Bunların tayfası bizə kölə olduğu halda, biz özümüz kimi iki adama inanacağıq?”
48 - Beləliklə, onları yalançı saydılar və həlak edilənlərdən oldular.
49 - Biz Musaya Kitab verdik ki, bəlkə onlar doğru yola yönəlsinlər!
50 - Biz Məryəm oğlunu və onun anasını bir möcüzə etdik. Onları əlverişli bir yerdə, çeşmə axan bir təpədə yerləşdirdik.
51 - Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!
52 - Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun.
53 - Lakin onlar öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə öz təriqətinə sevinir.
54 - Sən onları bir müddət öz cəhaləti içində burax!
55 - Yoxsa (günahkarlar) elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə
56 - onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar (bu işin) fərqinə varmırlar.
57 - Həqiqətən, Rəbbinin qorxusundan əsim-əsim əsənlər,
58 - Rəbbinin ayələrinə iman gətirənlər,
59 - Rəbbinə şərik qoşmayanlar,
60 - Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını qəlbi qorxa-qorxa yerinə yetirənlər –
61 - Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər.
62 - Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Dərgahımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz.
63- Lakin onların qəlbi bundan xəbərsizdir. Onların bundan başqa gördükləri başqa (pis) işləri də vardır.
64 - Nəhayət, onların cah-calal içində yaşayanlarını əzabla yaxaladığımız zaman fəryad qopararlar.
65 - (Onlara deyiləcək:) “Bu gün fəryad qoparmayın! Qətiyyən, Biz sizə heç bir köməklik göstərməyəcəyik!”
66 - Ayələrim sizə oxunurdu, siz isə arxa çevirirdiniz.
67 - Həm də onunla (o Kəbə ilə) təkəbbürlük edir, gecələr toplanıb yaramaz sözlər danışırdınız.
68 - Məgər (kafirlər) bu Söz (Quran) haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi?
69 - Yoxsa onlar özlərinə göndərilmiş Elçini tanımayıb buna görə də onu inkar edirlər?
70 - Yaxud: “O cinlidir?”– deyirlər. Xeyr, o elçi onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır.
71 - Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.
72 - Yoxsa sən onlardan bir mükafat istəyirsən? Rəbbinin mükafatı daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır!
73 - Sən, həqiqətən də, onları doğru yola çağırırsan.
74 - Axirətə inanmayanlar isə doğru yoldan çıxırlar.
75 - Əgər Biz onlara rəhm edib düşdükləri bəladan xilas etsək də, onlar (yenə öz )azğınlıqları içində sərgərdan gəzəcəklər.
76 - Biz onları əzabla yaxaladıq, onlar yenə öz Rəbbinə boyun əymədilər, (Ona) yalvarıb-yaxarmadılar.
77 - Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman dərhal ümidsizliyə qapılacaqlar.
78 - Sizə üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz.
79 - Sizi yer üzündə yerləşdirən Odur. Siz Onun hüzuruna toplanılacaqsınız.
80 - Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər (bunu) anlamırsınız?
81 - Xeyr, onlar da əvvəlki (ümmətlərin) dedikləri kimi dedilər.
82 - Onlar dedilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra bir də dirildiləcəyik?”
83 - Bu (dirilmə) həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil.
84 - De: “Əgər bilirsinizsə, (deyin görüm) yer və onun üstündə olanlar kimindir?”
85 - Onlar: “Allahındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?”
86 - De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?”
87 - Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?”
88 - De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?”
89 - Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?”
90 - Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar!
91 - Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir ilah yoxdur. Əks təqdirdə hər ilah öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır.
92 - O,Qeybi və aşkarı Biləndir. (Allah) (müşriklərin) Ona qoşduqları şəriklərdən çox ucadır.
93 - De: “Ey Rəbbim! Əgər onlara vəd olunanı mənə göstərəcəksənsə;
94 - məni zalım adamların içində qoyma, ey Rəbbim!”
95 - Sözsüz ki, Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik.
96 - Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik.
97 - De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!
98 - Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”
99 - Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar.
100 - Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır.
101 - Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar.
102 - (O gün) məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar.
103 - Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. (Onlar) Cəhənnəmdə əbədi qalacaqlar.
104 - Od onların üzünü yandıracaq. Onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar.
105 - Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi?
106 - Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq.
107 - Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də (günah işlərə) qayıtsaq, həqiqətən də, zalım olarıq”.
108 - (Allah )buyuracaq: “Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin!
109 - Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”– deyirdilər.
110 - Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə) Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz.
111 - Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!”
112 - Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq.
113 - Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən (günləri) sayanlardan soruş”– deyəcəklər.
114 - (Allah) deyəcək: “Siz (orada) çox az qaldınız. Kaş (bunu) biləydiniz!
115 - Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız?”
116 - Haqq Hökmdar Allah (hər şeydən) ucadır! Ondan başqa heç bir ilah yoxdur. O, şanlı Ərşin Rəbbidir.
117 - Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir tanrıya ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!
118 - De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”