səhifələr

25. əl-Furqan, "Haqqı batildən ayıran" surəsi

25. əl-Furqan
"Haqqı batildən ayıran" surəsi, 77 ayə,
Məkkədə nazil olub.          

1 - Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən (Allah) necə də xeyirxahdır!
2 - Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir.
3 - (Kafirlər) isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə tanrı götürdülər.
4 - Kafirlər: “Bu, (Muhəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa adamlar da kömək etmişlər”– dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər.
5 - Onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları (başqasına) yazdırmışdır. Bunlar səhər-axşam onun özünə oxunur”– dedilər.
6 - De: “Onu göylərdə və yerdə olan sirləri bilən (Allah) nazil etmişdir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!”
7 - Onlar dedilər: “(Bu) necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır. Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi?
8 - Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötrü bir bağı olmadı?” Zalımlar: “Siz ancaq sehrlənmiş bir adamın ardınca gedirsiniz”– dedilər.
9 - Gör sənə aid hansı məsəlləri çəkdilər! Onlar (haqq yoldan) azdılar və bir daha o yolu tapa bilməyəcəklər!
10 - İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, (ağacları) altından çaylar axan Cənnət bağlarını yaradan, sənin üçün qəsrlər inşa edə bilən (Allah) necə də xeyirxahdır.
11 - Lakin onlar Qiyaməti də yalan saydılar. Biz də onu yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq.
12 - Onlar (Cəhənnəm) odunu uzaq məsafədən gördükdə belə onun necə qəzəblə qaynamasını duyar və uğultusunu eşidəcəklər.
13 - Onlar əlləri qoynunda bağlı halda onun dar bir küncünə atıldıqları zaman ölüm diləyərlər.
14 - (Onlara deyilər:) “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!”
15 - De: “Bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən Əbədiyyət bağı?”
16 - Onlardan ötrü orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü (və yerinə yetirilməsi) arzu olunan bir vəddir.
17 - O gün (Allah) onları və onların Allahdan başqa sitayiş etdiklərinin hamısını məhşər ayağında cəm edərək deyəcək: “Mənim bu qullarımı (haqq )(yoldan) sizmi azdırdınız, yoxsa onlar özləri azdılar?”
18 - Onlar deyəcəklər: “Sən pak və müqəddəssən! Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir zümrəyə çevrildilər”.
19 - (Kafirlərə deyiləcəkdir:) “Onlar sizin dediklərinizi təkzib etdilər. Artıq siz nə (əzabı özünüzdən) dəf edər, nə də başqa bir əlacınız qalmamışdır. Zülm edənlərinizə böyük bir əzab daddıracağıq”.
20 - Səndən öncəki elçilərimiz də, yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, (görək) səbir edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir.
21 - Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.
22 - Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır. (Mələklər )deyəcəklər: “(Cənnətə girməyiniz) qadağandır, qadağan!”
23 - Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik.
24 - Həmin gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaqdır.
25
Həmin gün göy buludla parçalanacaq və mələklər (yerə) endiriləcəkdir.
26 - Həmin gün gerçək hökm vermək ancaq ər-Rəhmana məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaqdır.
27 - Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!
28 - Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!
29 - Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.
30 - Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək.
31 - Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yolu göstərən rəhbər və yardımçı kimi Rəbbin sənə yetər.
32 - Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə (ayəbəayə) izah etdik.
33 - Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, (ona cavab olaraq) Biz sənə haqqı və ən yaxşı yozumu verməyək.
34 - Üzüstə sürüklənib Cəhənnəmə toplanılacaq kimsələr – məhz onlar yerləri ən pis olan, (haqq) yoldan ən çox azan kimsələrdir.
35 - Həqiqətən, Kitabı Musaya Biz verdik və qardaşı Harunu da ona köməkçi etdik.
36 - (Onlara): “Ayələrimizi yalan sayan bir tayfanın yanına gedin!”- dedik. Sonra Biz o tayfanı yerli-dibli yox etdik.
37 - Biz Nuh qövmünü elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün sarsıdıcı bir əzab hazırlamışıq.
38 - Biz, Adı, Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də (məhv etdik).
39 - Biz onların hamısına misallar çəkdik və onların hamısını büsbütün məhv etdik.
40 - (Məkkə müşrikləri) bəla yağmuru düşüb (viran qalmış) şəhərin yanından keçmişdilər. Məgər onlar onu görməmişdilər? Xeyr, onlar öldükdən sonra dirilməyə də inanmırlar.
41 - Onlar səni gördükdə ancaq sənə lağ edir (və deyirlər: )“Budurmu Allahın elçi göndərdiyi kəs?
42 - Əgər biz tanrılarımıza tapınmaqda səbirli olmasaydıq, az qala o, bizi onlardan uzaqlaşdıracaqdı”. Onlar əzabı gördükləri zaman kimin (haqq) yoldan daha çox azdığını anlayacaqlar.
43 - Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən?
44 - Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, (haqq) yoldan onlardan daha çox uzaqlaşmışlar.
45 - Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər O, istəsəydi, onu hərəkətsiz halda saxlayardı. Sonra Biz günəşi onun bələdçisi etdik.
46 - Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik.
47 - Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur.
48 - Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki,
49 - onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvanlara və necə-neçə insanlara ondan içirdək.
50 - Biz düşünüb ibrət alsınlar deyə (o suyu) onların arasında paylaşdırdıq. Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədilər.
51 - Əgər istəsəydik, hər kəndə qorxudan (bir peyğəmbər) göndərərdik.
52 - (Belə olduqda) sən kafirlərə baş əymə və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et!
53 - Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.
54 - Sudan insan yaradan, ona qan qohumları və sonradan qohum olanları bəxş edən Odur. Rəbbin (hər)(şeyə) Qadirdir.
55 - Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə sitayiş edirlər. Kafir öz Rəbbinə qarşı (şeytana) köməkçidir.
56 - Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik.
57 - De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan bir yol tutsunlar”.
58 - Ölməz, (əbədi) Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun Öz qularının günahlarından agah olması kifayətdir.
59 - O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, ər-Rəhmandır. Bunu biləndən soruş!
60 - Onlara: “Ər-Rəhmana səcdə edin!”– deyildikdə: “Ər-Rəhman nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?”– deyərlər. Bu da onların nifrətini artırar.
61 - Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay yaradan (Allah) nə qədər xeyirxahdır.
62 - Yada salmaq və şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən Odur.
63 - Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara (xoşagəlməz) bir söz dedikdə: “Salam!”- deyərlər.
64 - Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər.
65 - Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir.
66 - Həqiqətən, o, nə pis məskən, necə də pis iqamətgahdır!”
67 - Onlar (mallarını )xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar.
68 - Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.
69 - Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar.
70 - Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!
71 - Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar.
72 - Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə (oradan) ləyaqətlə ötüb keçərlər.
73 - Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar.
74 - Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”
75 - Onlar səbir etdiklərinə görə (Cənnətdə olan) otaqla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar.
76 - Onlar orada əbədi qalacaqlar. O, nə gözəl məskən, necə də gözəl iqamətgahdır!
77 - De: “Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz (haqqı) yalan saydınız. Ona görə də (əzab sizi) rahat buraxmayacaqdır!”