səhifələr

26. əş-Şuəra, "Şairlər" surəsi

26. əş-Şuəra
"Şairlər" surəsi, 227 ayə,
Məkkədə nazil olub.          

1 - Ta. Sin. Mim.
2 - Bunlar aydın Kitabın ayələridir.
3 - Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?
4 - Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərik ki, onun önündə başları itaətkarlıqla əyilərdi.
5 - Ər-Rəhmandan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
6 - Onlar (ayələri) uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir.
7 - Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlərmi?
8 - Həqiqətən də, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı.
9 - Bəli, sənin Rəbbin Qüdrətlidir, Mərhəmətlidir.
10 - Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –
11 - Firon xalqının yanına! Onlar qorxmurlarmı?”
12 - (Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,
13 - (belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da (vəhy) göndər.
14 - Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.
15 - (Allah) dedi: “Xeyr, (bu mümkün deyil)! İkiniz də möcüzələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik.
16 - Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!
17 - İsrail oğullarını bizimlə birgə burax!”
18 - (Firon) dedi: “Biz səni körpə ikən (götürüb saxlayıb) boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?
19 - Elədiyin (pis) əməli də elədin. (Doğrudan da,) sən bir nankorsan!”
20 - (Musa) dedi: “Mən onu edəndə nadan olmuşam.
21 - Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq (peyğəmbərlik) verdi və məni elçilərdən etdi.
22 - Başıma qaxdığın o qayğılarınız isə, İsrail oğullarını kölə etmək məqsədi ilə edilirdi”.
23 - Firon dedi: “Aləmlərin Rəbbi nədir?”
24 - (Musa) dedi: “Əgər yəqinliklə inanırsınızsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”
25 - Firon ətrafındakılara dedi: “(Onun nə danışdığını) eşitmirsinizmi?”
26 - (Musa) dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”
27 - (Firon) dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”
28 - (Musa) dedi: “Əgər anlayırsınızsa, (bilin ki,) O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
29 - (Firon) dedi: “Əgər məndən başqasını özünə tanrı qəbul etsən, səni məhbusların yanına ataram!”
30 - (Musa) dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”
31 - (Firon) dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!”
32 - (Musa) əsasını (yerə) atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.
33 - Əlini (qoynundan) çıxardan kimi o, baxanların (gözü qabağında) ağappaq (nur saçan bir əl) oldu.
34 - (Firon) ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!
35 - O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”
36 - Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə (adam) yığanlar göndər ki,
37 - bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.
38 - Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.
39 - Camaata deyildi: “Siz də yığışmırsınızmı?
40 - Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”.
41 - Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”
42 - (Firon) dedi: “Bəli! Belə olacağı təqdirdə sizi (özümə) yaxın adamlardan edəcəyəm”.
43 - Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”
44 - Onlar iplərini və dəyənəklərini yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər.
45 - Sonra Musa əsasını atdı və (əsa) onların düzəltdikləri şeyləri uddu.
46 - Sehrbazlar səcdəyə qapandılar,
47 - və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –
48 - Musanın və Harunun Rəbbinə!”
49 - (Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.
50 - Onlar dedilər: “Zərər yox, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq.
51 - Biz (Firon xalqı arasından) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.
52 - Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”(– deyə) vəhy etdik.
53 - Firon şəhərlərə (əsgər) toplayanlar göndərdi.
54 - (O dedi:) “Bunlar kiçik bir dəstədir.
55 - Onlar bizi qəzəbləndirmişlər.
56 - Biz hamımız ayıq-sayıq olmalıyıq”.
57 - Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;
58 - xəzinələrdən və gözəl yerlərdən də (qovduq).
59 - Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.
60 - Günəş üfüqdən qalxarkən (Firon öz)(əsgərləri)(ilə)onları izləməyə başladılar.
61 - İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!”– dedilər.
62 - (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!”
63 - Biz Musaya: “Əsanla dənizə vur!”(– deyə) vəhy etdik (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu.
64 - O birilərini də ora yaxınlaşdırdıq.
65 - Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
66 - O birilərini isə suya qərq etdik.
67 - Şübhəsiz ki, bu (hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.
68 - Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
69 - Onlara İbrahimin əhvalatını da oxu.
70 - Bir zaman o, öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?”– demişdi.
71 - Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”.
72 - O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi?
73 - Yaxud sizə xeyir və ya zərər verirlərmi?”
74 - Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”.
75 - O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –
76 - həm siz, həm də ulu babalarınız?
77 - Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.
78 - O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir;
79 - O Rəbb ki, məni yedirdir və içirdir;
80 - O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;

81 - O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;
82 - O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.
83 - Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!
84 - Sonra gələnlər arasında (həmişə yad)(edilim)(deyə) mənə yaxşı ad qismət elə!
85 - Məni Nəim bağının varislərindən et!
86 - Atamı bağışla! Çünki o, azanlardandır.
87 - Onların dirildiləcəyi gün məni rüsvay etmə!
88 - O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.
89 - Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”
90 - Cənnət müttəqilərə yaxınlaşdırılar.
91 - Cəhənnəm də azğınlara göstərilər.
92 - Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz –
93 - Allahdan başqa (pənah apardıqlarınız)? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”
94 - Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar,
95 - İblisin bütün əsgərləri də habelə.
96 - Onlar orada höcətləşərək deyərlər:
97 - “Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –
98 - o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.
99 - Bizi ancaq günahkarlar azdırdı.
100 - İndi isə bizim nə şəfaətçilərimiz,
101 - nə də (bizə) canıyanan bir dostumuz var!
102 - Bir də (dünyaya) qayıda bilsəydik, möminlərdən olardıq!”
103 - Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
104 - Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
105 - Nuh tayfası da elçiləri yalançı saydı.
106 - Qardaşları Nuh onlara o vaxt deyəndə ki: “Məgər qorxmursunuz?
107 - Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
108 - Allahdan qorxun və mənə itaət edin.
109 - Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
110 - Allahdan qorxun və mənə itaət edin!”
111 - Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”
112 - (Nuh )dedi: “Mən onların nə etdiklərini bilmirəm!
113 - Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!
114 - Mən iman gətirənləri qovan deyiləm.
115 - Mən yalnız açıq-aşkar bir qorxudanam”.
116 - Onlar dedilər: “Ey Nuh! Əgər (dəvətinə) son qoymasan, mütləq daşqalaq ediləcəksən”.
117 - (Nuh) dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.
118 - Mənimlə onlar arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri (əzabdan) qurtar!”
119 - Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik.
120 - Yerdə qalanları isə suya qərq etdik.
121 - Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
122 - Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
123 - Ad tayfası da elçiləri yalançı saydı.
124 - Qardaşları Hud o vaxt onlara deyəndə ki: “Məgər qorxmursunuz?
125 - Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
126 - Allahdan qorxun və mənə itaət edin!
127 - Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
128 - Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?
129 - Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?
130 - (Bir kəsi) yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı?
131 - Allahdan qorxun və mənə itaət edin!
132 - Bildiyiniz nemətləri sizə verəndən qorxun.
133 - O sizə heyvanat və oğul-uşaq verdi,
134 - (üstəlik) bağlar və çeşmələr də əta etdi.
135 - Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”.
136 - Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.
137 - Bu, yalnız və yalnız əvvəlkilərin adətidir.
138 - Biz əzaba düçar olan da deyilik”.
139 - Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
140 - Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
141 - Səmud tayfası da elçiləri yalançı saydı.
142 - Qardaşları Saleh o zaman onlara dedikdə ki: “Məgər qorxmursunuz?
143 - Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
144 - Allahdan qorxun və mənə itaət edin.
145 - Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
146 - Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?
147 - Bağlar və bulaqlar içində,
148 - əkinlər və yumşaq meyvəli xurmalıqlar içində (arxayınlıqla qalacaqsınız)?
149 - Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?
150 - Allahdan qorxun və mənə itaət edin!
151 - Həddi aşanların əmrinə tabe olmayın.
152 - Onlar yer üzündə fəsad törədir və (özlərini günahdan) təmizləmirlər”.
153 - Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.
154 - Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər”.
155 - (Saleh) dedi: “(Möcüzə) bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz).
156 - Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”.
157 - Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular.
158 - Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
159 - Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
160 - Lut tayfası da elçiləri yalançı saydı.
161 - Qardaşları Lut o zaman onlara dedikdə ki: “Məgər qorxmursunuz?
162 - Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
163 - Allahdan qorxun və mənə itaət edin!
164 - Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
165 - Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir
166 - və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”.
167 - Onlar dedilər: “Ey Lut! Əgər (təbliğatına)son qoymasan, mütləq qovulanlardan olacaqsan!”
168 - O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm.
169 - Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”
170 - Biz onu və onun bütün ailəsini xilas etdik.
171 - Geridə qalanlar arasındakı yaşlı qadından başqa.
172 - Sonra da o birilərini yerli-dibli yox etdik.
173 - Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!
174 - Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
175 - Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
176 - Əykə əhli də elçiləri təkzib etdi.
177 - O zaman ki, Şueyb onlara dedi: “Məgər qorxmursunuz?
178 - Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
179 - Allahdan qorxun və mənə itaət edin!
180 - Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
181 - Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.
182 - Düz tərəzi ilə çəkin.
183 - İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin.
184 - Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”
185 - Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.
186 - Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan (biri )hesab edirik.
187 - Əgər, doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”.
188 - (Şueyb )dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”.
189 - Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.
190 - Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
191 - Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
192 - Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir.
193 - Onu sadiq Ruh (Cəbrail) endirdi –
194 - sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.
195 - (Bu Quran) açıq-aydın ərəb dilində (nazil edildi).
196 - Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır.
197 - Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi?
198 - Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik,
199 - və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər.
200 - Biz (küfrü )günahkarların qəlbinə belə salarıq.
201 - Onlar üzücü əzabı görməyənədək ona inanmazlar.
202 - O (əzab) onlara özləri də hiss etmədən qəflətən gələcəkdir.
203 - Onlardeyəcəklər: “Bizə möhlət veriləcəkmi?”
204 - Yenədəmi əzabımızın tez gəlməsini istəyirlər?
205 - Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,
206 - sonra vəd olunduqları (əzab) onlara yetişsə,
207 - onlara nəsib olmuş firavanlıq (əzabımızı) onlardan dəf edə bilməz.
208 - Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik.
209 - (Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım olmamışıq!
210 - (Quranı )şeytanlar endirmədi.
211 - Onlar buna layiq deyildirlər və (bunu) bacara da bilməzlər.
212 - Çünki onlar (vəhyə) qulaq asmaqdan kənar edilmişdilər.
213 - Odur ki, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.
214 - Ən yaxın qohumlarını qorxut!
215 - Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!
216 - Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”
217 - Qüdrətli və Rəhmli olana təvəkkül et!
218 - O, səni (namaza) duranda da görür,
219 - səcdə edənlər içində hərəkət edəndə də.
220 - Həqiqətən də, O, Eşidəndir, Biləndir!
221 - Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
222 - Onlar hər bir yalançıya və günahkara nazil olarlar.
223 - (Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!
224 - Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar.
225 - Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)
226 - və etmədikləri şeylərə aid söhbət açırlar?
227 - Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra (dini) müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.