səhifələr

32. əs-Səcdə, "Səcdə" surəsi

32. əs-Səcdə
"Səcdə" surəsi, 30 ayə,
Məkkədə nazil olub.          

1 - Əlif. Ləm. Mim.
2 - Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi (olan Allah) nazil etmişdir.
3 - Ya da onlar: “Bunu özündən uydurmuşdur!”– deyirlər. Xeyr, o, Rəbbindən (nazil) olan bir haqdır ki, səndən öncə xəbərdar edən (peyğəmbər) gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də, onlar doğru yola yönələlər.
4 - Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz?
5 - O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da (bu işlər) sizin saydığınız (illərdən) min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir.
6 - Qeybi və aşkarı Bilən, Qüdrətli və Rəhmli olan Odur.
7 - Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş,
8 - sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş,
9 - sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!
10 - Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər.
11 - De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”
12 - Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qəti inandıq!”(– deyəndə )görəydin!
13 - Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcək.
14 - Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın (əzabı)! Doğrusu, Biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı!
15 - Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər.
16 - Onlar (gecə namazını qılmaq üçün) böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən (Allah yolunda) xərcləyirlər.
17 - Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir.
18 - Məgər möminlə fasiq eynidirmi? Onlar eyni ola bilməzlər!
19 - İman gətirib əməlisaleh olanları etdikləri əməllərə görə Məva bağlarında (əbədi) ziyafət gözləyir.
20 - Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!”– deyiləcəkdir.
21 - Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar.
22 - Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq.
23 - Biz Musaya Kitab vermişdik. Sən onunla görüşəcəyinə şübhə etmə. Biz onu İsrail oğullarına doğru yol göstərən rəhbər etmişdik.
24 - Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik.
25 - Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
26 - Yurdlarında gəzib-dolaşdıqları əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən, bunda ibrətlər vardır. Məgər onlar qulaq asmırlar?
27 - Məgər onlar quru yerə su axıdıb onunla həm heyvanlarının, həm də özlərinin yedikləri nemətlər yetişdirdiyimizi görmürlər? Hələ də bunu görmürlər?
28 - Onlar: “Əgər doğru danışanlardansınızsa, (deyin görək) bu hökm nə vaxt olacaqdır?”– deyirlər.
29 - De: “Hökm günü kafirlərə imanları fayda verməyəcək və onlara möhlət də verilməyəcəkdir”.
30 - Artıq onlardan üz çevir və gözlə. Doğrusu, onlar da gözləyirlər.