səhifələr

36. Ya sin, "Ya sin" surəsi

36. Ya sin
"Ya sin" surəsi, 83 ayə,
Məkkədə nazil olub.          

1 - Ya. Sin.
2 - And olsun hikmətli Qurana!
3 - Həqiqətən, sən göndərilmiş elçilərdənsən,
4 - doğru yoldasan.
5 - (Bu Quran) Qüdrətli və Rəhmli (Allah) tərəfindən nazil edilmişdir ki,
6 - ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən.
7 - Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər.
8 - Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları (təkəbbürlə) yuxarı qalxmışdır.
9 - Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar (haqqı) görmürlər.
10 - Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər.
11 - Sən ancaq Zikrə tabe olub Mərhəmətli (Allahı) görmədən (Ondan) çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ.
12 - Həqiqətən, ölüləri dirildən, onların (bu dünyada) törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq.
13 - Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək.
14 - O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər.
15 - Onlar dedilər: “Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli (Allah) (sizə) heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”.
16 - (Elçilər) dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik.
17 - Bizim vəzifəmiz ancaq (vəhy olunanı) aşkar təbliğ etməkdir”.
18 - Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər (dəvətinizə) son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”.
19 - (Elçilər) dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti( bəd əlamət sayırsınız)? Doğrusu, siz həddi aşmış bir millətsiniz”.
20 - Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay camaat! Elçilərin ardınca gedin!
21 - Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin!
22 - Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız (Allaha) ibadət etməyim?
23 - Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli (Allah) mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.
24 - Bax onda mən açıq-aydın azğınlığa düşmüş olaram.
25 - Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”
26 - (Şəhərin sakinləri bu kişini öldürdükdən sonra) ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş xalqım biləydi ki,
27 - Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”.
28 - Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.
29 - (Onları məhv edən) ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər.
30 - Vay (bu) qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər.
31 - Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə – bunların yanına qayıtmadığını görmürlərmi?
32 - Hamısı bir yerdə Bizim hüzurumuza gətiriləcəklər.
33 - Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.
34 - Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki,
35 - onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi?
36 - Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir.
37 - Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar.
38 - Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən (Allahın) əzəli hök - müdür.
39 - Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o (tədricən) dönüb xurma ağacının qurumuş budağı kimi (əyri) olur.
40 - Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz )orbiti( ilə) üzüb gedir.
41 - Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir.
42 - Biz onlar üçün buna bənzər (daha neçə-neçə) minik vasitələri yaratdıq.
43 - Əgər istəsək, onları (suya) qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.
44 - Yalnız Bizim (onlara) rəhm etməyimiz və (onlara,) müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz istisnadır.
45 - Onlara: “Önünüzlə olan və arxanızca gələndən  (dünyada və axirətdə olan əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə (üz çevirirlər).
46 - Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər.
47 - Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!”– deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”.
48 - Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyə soruşurlar.
49 - Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.
50 - Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər.
51 - Sur (ikinci dəfə) üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar.
52 - Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli (Allahı)n vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş”.
53 - Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər.
54 - Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir.
55 - Həqiqətən də Cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək.
56 - Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.
57 - Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır.
58 - Üstəlik Rəhmli Rəbb (onlara): “Salam” deyəcək.
59 - “Bu gün (möminlərdən) ayrılın, ey günahkarlar!
60 - Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir,
61 - Mənə ibadət edin? Doğru yol budur!
62 - Artıq (şeytan) içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?
63 - Bu sizə vəd edilmiş Cəhənnəmdir.
64 - Kafir olduğunuza görə bu gün orada yanın!”
65 - Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.
66 - Əgər istəsəydik, onların gözlərini kor edərdik və onda onlar (düz )yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?
67 - Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər.
68 - Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər?
69 - Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki,
70 - diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin.
71 - Məgər onlar görmürlər ki, (Biz) onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq?
72 - Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər.
73 - Bunlarda onlar üçün (başqa) mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?
74 - Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər.
75 - Amma (məbudlar )onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir.
76 - Onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik.
77 - Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir.
78 - O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?”
79 - De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.
80 - O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”.
81 - Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir.
82 - Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.
83 - Əlində hər şeyin hökmü Olan (Allah) pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız.