səhifələr

37. əs-Saffat, "Səf-səf duranlar" surəsi

37. əs-Saffat
"Səf-səf duranlar" surəsi, 182 ayə,
Məkkədə nazil olub.          

1 - And olsun (göylərdə və yerdə) səf-səf duranlara,
2 - (imansızları )qətiyyətlə qovanlara
3 - və Zikrioxuyanlara!
4 - Həqiqətən, sizin məbudunuz Təkdir!
5 - O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.
6 - Biz dünya səmasını parlaq ulduzlarla bəzədik
7 - və (onu) hər bir asi şeytandan mühafizə etdik.
8 - Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə (yandırıb yaxan alovlar) yağdırılar
9 - (və oradan) qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir.
10 - Lakin (şeytanlardan) hər kim (o söhbətlərdən bir söz) qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər.
11 - (Kafirlərdən) soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq.
12 - Sən onlara təəccüb edirsən, onlar isə (səni) ələ salırlar.
13 - Onlara xatırlatdıqda düşünüb ibrət almırlar.
14 - Bir möcüzə gördükdə isə ona istehza edir
15 - və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir.
16 - Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi?
17 - Ya da atalarımızmı (dirildiləcəklər)?”
18 - De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda (dirildiləcəksiniz)”.
19 - Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən (dirilib) görməyə başlayacaqlar.
20 - (Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!”
21 - (Onlara deyiləcək:) “Bu, yalan saydığınız Fərqləndirmə günüdür!”
22 - (Mələklərə belə əmr olunacaq:) “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –
23 - Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.
24 - Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar”.
25 - (Günahkarlara deyiləcək:) “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?”
26 - Bəli, onlar bu gün baş əyəcəklər!
27 - Onlar bir-birinə üz tutub soruşacaqlar.
28 - (Tabe olanlar) deyəcəklər: “Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz”.
29 - (Başçılar) deyəcəklər: “Xeyr! Siz inanan adamlar deyildiniz.
30 - Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz.
31 - Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz (əzabı) hökmən dadacağıq.
32 - Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik”.
33 - Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar.
34 - Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik.
35 - Çünki onlara: “Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur!”– deyildikdə təkəbbür göstərir
36 - və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?”
37 - Xeyr! O, haqqı gətirdi və (əvvəlki) peyğəmbərləri təsdiqlədi.
38 - Siz mütləq ağrılı-acılı əzabı dadacaqsınız.
39 - Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.
40 - Lakin Allahın seçilmiş (ixlaslı) qulları müstəsnadırlar.
41 - Məhz onlar üçün müəyyən bir ruzi vardır –
42 - (Cənnət) meyvələri. Onlara ehtiram göstəriləcəkdir –
43 - Nəim bağlarında.
44 - Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz (oturacaqlar).
45 - Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır.
46 - Özü də ağappaq, içənlərə ləzzət verən (bir şərab).
47 - O (şərab) nə baş ağrısı verər, nə də ondan məst olarlar.
48 - Onların yanında baxışları (öz ərlərinə) dikilmiş iri qaragözlü hurilər olacaqdır.
49 - Özü də qorunub saxlanılmış yumurta kimi (hurilər).
50 - Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.
51 - Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi.
52 - O deyirdi: “Sən də inananlardansan?
53 - Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?”
54 - O (sözünə) (davam edib) deyəcək: “Siz (onun harada olduğunu) görmək istəyirsinizmi?”
55 - O özü baxıb (yoldaşını) Cəhənnəmin ortasında görəcək
56 - və deyəcəkdir: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.
57 - Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım.
58 - Doğrudanmı biz bir daha ölməyəcəyik –
59 - ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq?”
60 - Həqiqətən, bu, böyük uğurdur.
61 - Qoy çalışanlar bunun üçün çalışsınlar!
62 - Bu, ziyafət üçün yaxşıdır, yoxsa zəqqum ağacı?
63 - Biz onu zalımlar üçün bir sınaq etdik.
64 - O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır.
65 - Onun meyvəsi şeytanların başları kimidir.
66 - (Günahkarlar) ondan yeyib qarınlarını dolduracaqlar.
67 - Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir.
68 - Sonra onlar mütləq Cəhənnəmə qaytarılacaqlar.
69 - Həqiqətən, onlar ata-babalarını azmış gördülər,
70 - özləri də tez-tələsik onların izini tutub getdilər.
71 - Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü.
72 - Biz onlara xəbərdar edən (peyğəmbərlər) göndərmişdik.
73 - Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.
74 - Yalnız Allahın seçilmiş (səmimi) qullarından başqa.
75 - Nuh Bizə yalvarıb yaxardı. Biz (çağırışa) necə də gözəl cavab verənik!
76 - Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.
77 - Təkcə onun nəslini qoruyub saxladıq.
78 - Sonra gələnlər arasında onun üçün (gözəl xatirə) qoyduq;
79 - aləmlər içərisində Nuha salam olsun!
80 - Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
81 - Həqiqətən, o Bizim mömin qullarımızdandır.
82 - Sonra o birilərini suya qərq etdik.
83 - Həqiqətən, İbrahim onun ardıcıllarından idi.
84 - Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi.
85 - Onda o, öz atasına və qövmünə dedi: “Siz nəyə sitayiş edirsiniz?
86 - Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz?
87 - Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?”
88 - O, ulduzlara bir nəzər salaraq
89 - “Mən xəstəyəm!”– dedi.
90 - Onlar ondan üz çevirib çıxıb getdilər.
91 - O, xəlvətcə onların məbudlarının yanına gəlib (istehza ilə) dedi: “Siz (bu təamları) yemirsiniz?
92 - Sizə nə olub ki, danışmırsınız?”
93 - Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.
94 - (Bütpərəstlər) tələsik onun yanına gəldilər.
95 - O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?
96 - Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.
97 - Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!”
98 - Onlar (İbrahimə) hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.
99 - (O dedi): “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.
100 - O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!”
101 - Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.
102 - O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən”.
103 - Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman
104 - Biz onu çağırıb dedik: “Ey İbrahim!
105 - Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
106 - Həqiqətən də bu, açıq-aydın bir imtahandır.
107 - Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.
108 - Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.
109 - İbrahimə salam olsun!
110 - Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
111 - Həqiqətən, o, Bizim mömin qullarımızdandır.
112 - Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.
113 - Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.
114 - Biz Musa ilə Haruna da nemət bəxş etdik.
115 - Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq.
116 - Onlara kömək göstərdik və qalib gəldilər.
117 - Hər ikisinə aydın bir Kitab verdik.
118 - Hər ikisini də doğru yola yönəltdik.
119 - Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq.
120 - Musaya və Haruna salam olsun!
121 - Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
122 - Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır.
123 - Şübhəsiz ki, İlyas da elçilərdəndir.
124 - Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?
125 - Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız –
126 - həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı (tərk edirsiniz)?”
127 - Onlar onu yalançı saydılar. Ona görə də hamısı (Cəhənnəmə) gətiriləcəkdir.
128 - Yalnız Allahın seçilmiş (səmimi )qullarından başqa.
129 - Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.
130 - İlyasinə salam olsun!
131 - Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
132 - Həqiqətən, o Bizim mömin qullarımızdandır.
133 - Şübhəsiz ki, Lut da elçilərdəndir.
134 - Bir zaman Biz onu və bütün ailəsini xilas etdik.
135 - Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.
136 - Sonra da o birilərini yerli-dibli yox etdik.
137 - Siz həm səhər çağı onların yanından keçirsiniz,
138 - həm də axşam çağı. Məgər anlamırsınız?
139 - Yunus da, həqiqətən, elçilərdəndir.
140 - Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı.
141 - Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu.
142 - O, qınanmağa layiq olduqda balıq onu uddu.
143 - Əgər o, Allaha tərif deyənlərdən olmasaydı,
144 - balığın qarnında Qiyamət gününə qədər qalardı.
145 - O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq.
146 - Onun başı üstündə balqabaq tağı bitirdik.
147 - Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik.
148 - Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.
149 - (Kafirlərdən) soruş: “Nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır?”
150 - Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?
151 - Həqiqətən, onlar yalan uydurub deyirlər:
152 - “Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.
153 - Məgər (Allah) qızları oğlanlardan üstünmü tutmuşdur?
154 - Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz?
155 - Məgər düşünüb ibrət almayacaqsınız?
156 - Yoxsa sizin aydın bir dəliliniz vardır?
157 - Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!
158 - Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların (Cəhənnəmə) gətiriləcəyini bilirlər.
159 - Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır.
160 - Yalnız Allahın seçilmiş (səmimi) qullarından başqa.
161 - (Ey müşriklər!) Nə siz, nə də sizin tapındıqlarınız
162 - (heç kəsi) (Allaha) qarşı yoldan çıxara bilməzsiniz;
163 - ancaq Cəhənnəmə girəcək kimsədən başqa.
164 - (Mələklər dedi): “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.
165 - Həqiqətən, biz səf-səf dururuq.
166 - Həqiqətən, biz  (Allahın şəninə) təriflər deyirik”.
167 - (Müşriklər )deyirdilər:
168 - “Əgər bizdə də əvvəlkilərdə olan zikrdən olsaydı,
169 - biz mütləq Allahın seçilmiş (səmimi) qulları olardıq”.
170 - Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər.
171 - Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi:
172 - “Həqiqətən, onlara kömək göstəriləcəkdir.
173 - Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”.
174 - Sən bir müddət onlardan üz çevir!
175 - Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.
176 - Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər?
177 - Əzab onların yurdlarına endiyi zaman qorxudulanların sabahı necə də pis olacaq!
178 - Sən bir müddət onlardan üz çevir!
179 - Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.
180 - Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin (Ona) aid etdikləri sifətlərdən uzaqdır.
181 - Elçilərə salam olsun!
182 - Aləmlərin Rəbbi olan Allaha həmd olsun!