səhifələr

38. Sad, "Sad" surəsi

38. Sad
"Sad" surəsi, 88 ayə,
Məkkədə nazil olub.          

1 - Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun!
2 - Kafirlər təkəbbür və nifaq içindədirlər.
3 - Biz onlardan öncə də neçə-neçə nəsilləri məhv etmişik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq qurtulma vaxtı keçmişdi.
4 - Öz aralarından onlara xəbərdarlıq edən (bir peyğəmbər) gəldiyinə təəccüb edərək kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır!
5 - O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”.
6 - Onların adlı-sanlı adamları çıxıb gedərək (dedilər): “Gedin öz məbudlarınızla səbirlə davranın. Doğrusu, bu (sizdən) istənilən bir şeydir.
7 - Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil.
8 - Məgər içimizdən təkcə onamı Zikr vəhy edilmişdir?” Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar.
9 - Yoxsa sənin Qüdrətli və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onlardadır?
10 - Ya da, göylərin, yerin və onların arasında olanların üzərində hakimiyyət onlaramı verilmişdir? Qoy onda istənilən yolla (göyə) qalxsınlar.
11 - Bu ordu da əvvəlki əlbir dəstələr kimi darmadağın ediləcəkdir.
12 - Onlardan əvvəl Nuh qövmü, Ad və dirəklər sahibi Firon da (elçiləri) yalançı saymışdılar.
13 - Həmçinin Səmud, Lut qövmü və Əykə əhli də. Bunlar əlbir dəstələr idi.
14 - Hər biri elçiləri yalançı hesab etdi və Mənim cəzam da gerçəkləşdi.
15 - Onlar təkcə olaraq, qarşısıalınmaz bir tükürpədici səsi gözləyirlər.
16 - Onlar (istehza edərək:) “Ey Rəbbimiz! Bizim payımızı Hesablaşma günü gəlməmişdən əvvəl tezliklə ver!”– dedilər.
17 - Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim (Allaha) üz tutardı.
18 - Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə (Allahın şəninə) təriflər deyirdilər.
19 - Biz quşları da toplum halda (ona ram etmişdik). Hamısı daima (Allaha) üz tutardı.
20 - Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik.
21 - (Davudun yanında) çəkişənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girdilər.
22 - Onlar Davudun yanına daxil olduqda (Davud) onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər!
23 - Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. (Bununla belə:) “Onu mənə ver!”– dedi və mübahisədə mənə üstün gəldi”.
24 - (Davud) dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!” (Bunları dedikdən sonra,) Davud Bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi.
25 - Biz bunu ona bağışladıq. Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.
26 - Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları Hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.
27 - Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!
28 - Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı?
29 - (Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.
30 - Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima (Allaha) üz tutardı.
31 - Bir dəfə axşam çağı ona (üç ayağı üstündə durub bir ayağının) dırnağını yerə vuran, çapar atlar göstərildi.
32 - (Süleyman) dedi: “Mən, (günəş) üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum – (atlar məni əsr namazından yayındırdı)”.
33 - (Süleyman): “Onları yanıma qaytarın!”– dedi. O, atların qıçlarını və boyunlarını vurmağa başladı.
34 - Biz Süleymanı sınağa çəkib taxtının üstünə (cansız) bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı.
35 - O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən.
36 - Biz də, onun əmri ilə istədiyi yerə sakitcə əsən küləyi ona ram etdik.
37 - Həmçinin şeytanlardan olan müxtəlif (nəqşlər vuran)  bənnaları, dalğıcları
38 - və başqalarını da zəncirlənmiş halda (ona tabe etdik)
39 - (və buyurduq:) “Bu Bizim hədiyyəmizdir! (Bunlardan istədiyinə )versən də, verməsən də (səndən) haqq-hesab tələb olunmayacaqdır”.
40 - Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.
41 - Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”
42 - (Biz ona dedik): “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!”
43 - Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini (yenidən) və üstəlik bir o qədər də (əlavə) (övlad) bəxş etdik.
44 - (Biz ona dedik:) “Əlinə bir dəstə (çubuq) götür və onunla (arvadını) vur. Andını pozma”. Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.
45 - Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal!
46 - Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik.
47 - Həqiqətən, onlar Bizim yanımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər.
48 - İsmaili, əl-Yəsə'i və Zül-Kifli də yada sal! Onların hamısı ən yaxşı kimsələrdəndir.
49 - Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir –
50 - qapıları onlar üçün açılmış Ədn bağları.
51 - Onlar orada (taxtlara) dirsəklənib çoxlu-çoxlu meyvələr və (cənnətə məxsus) içkilər istəyəcəklər.
52 - Onların yanında gözlərini (ərindən) çəkməyən həmyaşıdları olacaqdır.
53 - Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır.
54 - Bəli, bu Bizim verdiyimiz nemətdir. O, tükənməzdir.
55 - Bax belə! Şübhəsiz ki, azğınları da çox pis qayıdış yeri gözləyir –
56 - içində yanacaqları Cəhənnəm. Ora nə pis yataqdır!
57 - Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!
58 - (Kafirlər üçün əzabın) buna bənzər başqa növləri də vardır.
59 - (Kafirlərin başçılarına deyiləcək): “Bu sizinlə birlikdə (Cəhənnəmə) girən dəstədir. (Başçılar deyəcəklər:) “Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar”.
60 - (Tabe olanlar) deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!”
61 - Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim təqdim edibsə, onun əzabını odda ikiqat elə!”
62 - (Günahkarlar) deyəcəklər: “Bizə nə olub ki, (dünyada ikən) pis adamlar saydığımız kişiləri burada görmürük?
63 - Biz onları (haqsızcasınamı) məsxərəyə qoyurduq? Nə isə, onlar gözə dəymirlər?”
64 - Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir.
65 - De: “Mən yalnız xəbərdar edənəm. Tək olan, (hər şeyə) Qalib gələn Allahdan başqa məbud yoxdur”.
66 - O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır.
67 - De: “O, böyük xəbərdir.
68 - Siz isə ondan üz döndərirsiniz.
69 - Ali toplum mübahisə apararkən mənim onlardan heç bir xəbərim yox idi.
70 - Mənə, ancaq açıq-aydın xəbərdar edən olduğuma görə vəhy olunur”.
71 - Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam.
72 - Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!”
73 - Mələklərin hamısı birlikdə səcdə etdi,
74 - yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu.
75 - (Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”
76 - (İblis) dedi: “Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!”
77 - (Allah) dedi: “Çıx oradan! Sən artıq (rəhmətimdən) qovulmuşsan!
78 - Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!”
79 - (İblis) dedi: “Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver”.
80 - (Allah) dedi: “Sən möhlət verilənlərdənsən –
81 - vaxtı məlum olan günə qədər!”
82 - (İblis) dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam;
83 - Təkcə Sənin seçilmiş (ixlaslı) qullarından başqa!”
84 - (Allah) dedi: “(Budur) haqq! Mən yalnız haqqı deyirəm!
85 - Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!”
86 - De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram.
87 - Bu (Quran) aləmlərə ancaq xatırlatmadır.
88 - Siz onun verdiyi xəbəri bir vaxtdan sonra mütləq biləcəksiniz!”