səhifələr

44. əd-Duxan, "Tüstü" surəsi

44. əd-Duxan
"Tüstü" surəsi, 59 ayə,
Məkkədə nazil olub.          

1 - Ha. Mim.
2 - And olsun (bu) aydın Kitaba!
3 - Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq.
4 - Hər bir hikmətli iş o (gecədə) ayırd edilir –
5 - dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, (kitabları və elçiləri) Biz göndəririk –
6 - sənin Rəbbinin mərhəməti kimi. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.
7 - Əgər yəqinliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir.
8 - Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir.
9 - Lakin onlar şəkkə qapılıb əylənirlər.
10 - Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə.
11 - O (tüstü) (ki,) insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır.
12 - (Onlar:) “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək”– deyəcəklər.
13 - Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də,
14 - onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər.
15 - Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə (azğınlığa) qayıdacaqsınız.
16 - (Kafirləri) böyük bir müsibətlə yaxalayacağımız gün, Biz (onlardan) intiqam alacağıq.
17 - Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi.
18 - (O dedi): “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm.
19 - Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm.
20 - Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz (olan Allaha) sığınıram.
21 - Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”
22 - Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!”
23 - (Allah dedi:) “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız.
24 - Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!”
25 - Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;
26 - (Habelə) əkinlər, möhtəşəm yerlər
27 - və içində həzz aldıqları nemətləri də (qoyub getdilər).
28 - Bax belə! Biz o (nemətlərə) başqalarını varis etdik.
29 - Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi.
30 - Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –
31- Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi.
32 - Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.
33 - Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik.
34 - Bunlar mütləq deyəcəklər:
35 - “Bizim ancaq bircə ölümümüz var. Biz (bir daha) dirildilməyəcəyik.
36 - Əgər doğru deyirsinizsə, onda atalarımızı (dirildib) gətirin!”
37 - Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi.
38 - və onların arasında olanları əyləncə üçün və (əbəs yerə) yaratmadıq.
Biz göyü, yeri
39 - Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları (bunu) bilmir.
40 - Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.
41 - O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcəkdir.
42 - Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.
43 - Həqiqətən, zəqqum ağacı
44 - günahkar adamın yeməyidir.
45 - Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –
46 - qaynar su qaynayan kimi.
47 - Onu tutub Cəhənnəmin ortasına sürüyün!
48 - Sonra əzab vermək üçün başına qaynar su tökün!
49 - Dad (bu əzabı!) Sən ki qüdrətli və şərəfli idin.
50 - Sizin şübhə etdiyiniz (əzab) budur!
51 - Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –
52 - bağçalarda və çeşmələr başında olacaqlar!
53 - Taftadan və atlazdan  libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
54 - Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik.
55 - Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.
56 - Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. (Allah) onları Cəhənnəm əzabından qorumuşdur –
57 - sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur.
58 - Biz (Quranı )sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər.
59 - Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.