səhifələr

50. Qaf, "Qaf" surəsi

50. Qaf
"Qaf" surəsi, 45 ayə,
Məkkədə nazil olub.          

1 - Qaf. Şərəfli Qurana and olsun!
2 - Onlara öz aralarından xəbərdarlıq edən (bir peyğəmbər )gəlməsinə təəccüb edən kafirlər dedilər: “Bu çox qəribə bir şeydir.
3 - Məgər biz ölüb torpağa qarışdıqdan sonra (yenidən diriləcəyik)? Bu, əlçatmaz bir qayıdışdır!”
4 - Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə (hər şeyi) qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır.
5 - Lakin həqiqət onlara məlum olduqda onu yalan hesab etdilər. İndi onlar çaşqın vəziyyətdədirlər.
6 - Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur.
7 - Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik.
8 - (Bunu,) Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə (belə etdik.)
9 - Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik.
10 - Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları (bitirdik.)
11 - Qullara ruzi olsun deyə (belə etdik)! Biz onunla ölü bir məmləkəti diriltdik. (Dirilib qəbirdən) çıxmaq da belədir.
12 - Onlardan əvvəl Nuh qövmü, Rəss əhli, Səmud (tayfası elçiləri) yalançı saydı.
13 - Ad (qövmü), Firon (xalqı), Lut tayfası,
14 - Əykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim təhdidim gerçəkləşdi.
15 - Məgər Biz ilk yaradılışdan zəiflədikmi? Xeyr! Onlar yeni yaradılış olan (dirilmə) barəsində şübhə içindədirlər.
16 - İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.
17 - Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.)
18 - Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın.
19 - Ölüm bihuşluğu həqiqətən gələcəkdir. (Ey insan!) Bu sənin uzaq qaçdığın şeydir.
20 - Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür.
21 - Hər kəs onu qova-qova (məhşərə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (birlikdə) gələcəkdir.
22 - Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”
23 - Yoldaşı (şahid mələk) deyəcəkdir: “Bu yanımdakı hazırdır!”
24 - (Allah əmr edib deyəcək:) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri,
25 - xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni,
26 - başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!”
27 - Yoldaşı (şeytan) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən yoldan çıxartmadım, əksinə, o özü dərin azğınlıq içində idi!”
28 - (Allah) deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.
29 - Mənim Sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!”
30 - O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir.
31 - Cənnət müttəqilərə yaxınlaşdırılacaq, (onlardan) uzaqda olmayacaqdır.
32 - Budur sizə vəd edilən (Cənnət!) O, hər bir (tövbə edib) (Allaha )üz tutan, (Onun əmrinə) riayət edən,
33 - Mərhəmətli (Allahdan) (Onu) görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür.
34 - Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür.
35 - Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı (Allahı görmək) vardır.
36 - Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər (əzabdan) qaçıb qurtara bildilərmi?”
37 - Həqiqətən, bunda (həssas) qəlbi olan, hazır durub (diqqətlə) qulaq asan kimsə üçün ibrət vardır.
38 - Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi.
39 - Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!
40 - Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de!
41 - Dinlə (ey Peyğəmbər!) O gün carçı yaxın bir yerdən çağıracaqdır.
42 - O gün onlar bu səsi gerçəkdən eşidəcəklər. Bu, (qəbirlərdən) çıxma günüdür.
43 - Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir.
44 - O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə (carçıya doğru) çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır.
45 - Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!