səhifələr

51. əz- Zariyat, "Toz-torpağı səpələyənlər" surəsi

51. əz- Zariyat
"Toz-torpağı səpələyənlər" surəsi, 60 ayə,
Məkkədə nazil olub.          

1 - And olsun toz-torpağı (ətrafa) səpələyənlərə!
2 - And olsun yağmur yükü daşıyanlara!
3 - And olsun asanlıqla üzüb gedənlərə!
4 - And olsun işləri paylaşdıranlara!
5 - Sizə vəd olunanlar həqiqətdir.
6 - Haqq-hesab da mütləq çəkiləcəkdir.
7 - And olsun gözəl görünüşü olan səmaya!
8 - Sizin sözləriniz ziddiyyətlidir.
9 - Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.
10 - Məhv olsun yalançılar!
11 - O kəslər ki, cəhalət içində olan qafillərdir.
12 - Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.
13 - O gün onlara odda əzab veriləcəkdir.
14 - (Onlara deyiləcək:) “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”
15 - Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar,
16 - öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.
17 - Onlar gecələr (ibadət edib) az yatırdılar.
18 - Sübh çağı isə bağışlanma diləyirdilər.
19 - Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır.
20 - Qəti inananlar üçün yer üzündə dəlillər vardır.
21 - Sizin özünüzdə də (dəlillər vardır.) Məgər görmürsünüz?
22 - Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.
23 - Göyün və yerin Rəbbinə and olsun ki, bu (vəd) sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.
24 - İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?
25 - Onlar onun yanına daxil olub: “(Sənə) salam olsun!”– dedilər. (İbrahim:) “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!”– dedi.
26 - O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov (qızardıb) gətirdi.
27 - Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– dedi.
28 - O, (qonaqların yemədiklərini görüb) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.
29 - Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”
30 - Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!”
31 - (İbrahim) dedi: “Sizin işiniz nədir, ey elçilər?”
32 - Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,
33 - onların üstünə gildən daşlar yağdıraq –
34 - həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş (daşlar!)”
35 - Biz orada olan möminləri (o kənddən) çıxartdıq.
36 - Amma orada bir evdən başqa müsəlman tapmadıq.
37 - Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.
38 - Musanın əhvalatında da (ibrət) vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.
39 - O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!”– dedi.
40 - Biz (Fironu) və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.
41 - Ad (qövmünün) hekayətində də (ibrət) vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik.
42 - O (külək) üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi.
43 - Səmud (qövmünün) hekayətində də (ibrət) vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi.
44 - Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu.
45 - Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı.
46 - Daha əvvəl Nuh qövmünü (məhv etdik.) Çünki onlar fasiq adamlar idilər.
47 - Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.
48 - Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!
49 - Biz hər şeydən (erkək və dişi olmaqla) cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.
50 - (De:) “Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!
51 - Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!”
52 - Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (onun barəsində): “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər.
53 - Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır.
54 - Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.
55 - Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.
56 - Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.
57 - Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.
58 - Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.
59 - Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!
60 - Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!