səhifələr

52. ət-Tur, "Dağ" surəsi

52. ət-Tur
"Dağ" surəsi, 49 ayə,
Məkkədə nazil olub.          

1 - And olsun dağa!
2 - And olsun yazılmış Kitaba –
3 - nazik dəri üzərində (olan Kitaba)!
4 - And olsun Beytulməmura!
5 - And olsun yüksək tavana!
6 - And olun alovlanan dənizə!
7 - Rəbbinin əzabı hökmən vaqe olacaqdır.
8 - Heç nə onun qarşısını ala bilməz.
9 - O gün göy şiddətlə sarsılacaq,
10 - dağlar da hərəkətə gələcəkdir.
11 - O gün vay halına( haqqı) yalan sayanların!
12 - O kəslərin ki, yalan bataqlığında əylənirlər.
13 - O gün onlar amansızcasına (sürüdülərək) Cəhənnəm oduna atılacaqlar.
14 - (Onlara deyiləcək:) “Bu sizin yalan saydığınız Cəhənnəm odudur!
15 - Bəlkə bu da sehrdir, siz görmürsünüz?
16 - Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”.
17 - Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və nemət içində yaşayacaqlar.
18 - Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir.
19 - (Onlara deyiləcək:) “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!”
20 - Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik.
21 - Möminlərin imanda onların arxasınca gedən nəsillərini də (Cənnətdə) özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.
22 - Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik.
23 - Onlar orada bir-birinə (şərab dolu) badə uzadacaqlar. Bu (şərab) onları nə boşboğazlığa, nə də günaha təhrik etməz.
24 - Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi cavan oğlanlar dolanacaqlar.
25 - Onlar bir-birinə üz tutub soruşacaqlar.
26 - Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən (Allahdan) qorxurduq.
27 - Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu.
28 - Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!”
29 - (Onlara) xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli!
30 - Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!”– deyirlər.
31 - De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”
32 - Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır?
33 - Yoxsa onlar: “Bunu özündən uydurdun!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər.
34 - Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər.
35 - Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?
36 - Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.
37 - Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər?
38 - Yoxsa onların, üstünə çıxıb (mələklərin söhbətlərini) dinlədikləri bir nərdivanı vardır? Onda qoy onların (mələkləri) dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər!
39 - Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?
40 - Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar?
41 - Yoxsa onlar qeybi bilir və (onu) yazırlar?
42 - Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar.
43 - Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır.
44 - Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!”– deyərlər.
45 - Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et!
46 - O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir.
47 - Həqiqətən, zalımlar üçün bundan (başqa) əzab da hazırlanmışdır. Lakin onların çoxu (bunu) bilmir.
48 - Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. (Yuxudan) qalxdıqda Rəbbini həmd ilə zikr et!
49 - Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de!