səhifələr

55. ər-Rəhman, "Mərhəmətli" surəsi

55. ər-Rəhman
"Mərhəmətli" surəsi, 78 ayə,
Məkkədə nazil olub.          

1 - Mərhəmətli (Allah)
2 - Quranı öyrətdi.
3 - İnsanı yaratdı,
4 - ona danışmağı öyrətdi.
5 - Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edir).
6 - Otlar da, ağaclar da səcdə edir.
7 - (Allah) göyü ucaltdı və tərəzini qoydu ki,
8 - çəkidə həddi aşmayasınız.
9 - (Əşyaları) tərəzidə insafla çəkin və çəkini əskiltməyin.
10 - O, yeri məxluqat üçün döşədi.
11 - Orada meyvələr və salxımlı xurma ağacları vardır.
12 - Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır.
13 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
14 - O, insanı saxsı kimi quru gildən yaratdı,
15 - cinləri də təmiz oddan yaratdı.
16 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
17 - (Allah) iki məşriqin və iki məğribin Rəbbidir.
18 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
19 - O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu.
20 - Onların arasında maneə vardır, onu keçə bilməzlər.
21 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
22 - Onlardan mirvari və mərcan çıxır.
23 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
24 - Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur.
25 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
26 - (Yer) üzündə olan hər kəs ölümə məhkumdur.
27 - Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir.
28 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
29 - Göylərdə və yerdə olan hər kəs (ehtiyacı olan şeyi) Ondan diləyir. O hər gün bir işdədir.
30 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
31 - Ey ağır yükü olan (insan və cin tayfası!) Tezliklə ancaq sizinlə məşğul olacağıq.
32 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
33 - Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz.
34 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
35 - Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis (və ya tüstü) göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz.
36 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
37 - Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır.
38 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
39 - O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır.
40 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
41 - Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.
42 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
43 - Budur günahkarların yalan hesab etdikləri Cəhənnəm!
44 - Onlar onunla qaynar su arasında dolanacaqlar.
45 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
46 - Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı  gözləyir.
47 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
48 - İkisində də (növbənöv meyvələrlə dolu) budaqlar vardır.
49 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
50 - İkisində də iki axar bulaq vardır.
51 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
52 - İkisində də hər meyvədən qoşa-qoşa vardır.
53 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
54 - Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır.
55 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
56 - Orada gözlərini (özərlərinə) dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.
57 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
58 - Onlar sanki yaqut və mərcandırlar.
59 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
60 - Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?
61 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
62 - Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır.
63 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
64 - Hər ikisi tünd yaşıldır.
65 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
66 - İkisində də fəvvarə vuran iki bulaq vardır.
67 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
68 - İkisində də (cürbəcür) meyvələr, xurma ağacları və nar vardır.
69 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
70 - Orada xoş xasiyyətli, gözəl qızlar vardır.
71 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
72 - Çadırlarda gözlərini (öz ərlərinə) dikmiş hurilər vardır.
73 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
74- Onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.
75 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
76 - Onlar yaşıl balışlara və gözəl döşəkcələrə dirsəklənəcəklər.
77 - Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
78 - Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir.