səhifələr

56. əl-Vaqiə, "Vaqiə" surəsi

56. əl-Vaqiə
"Vaqiə" surəsi, 96 ayə,
Məkkədə nazil olub.          

1 - Vaqiə qopacağı zaman
2 - onun qopduğunu heç kəs dana bilməz.
3 - O (bəzilərini) alçaldacaq, (bəzilərini də) ucaldacaqdır.
4 - Yer şiddətlə titrədiyi zaman,
5 - Dağlar parça-parça olub ovxalandığı
6 - və (ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman,
7 - siz üç qrupa ayrılacaqsınız.
8 - Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
9 - Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
10 - (Xeyirxahişlərdə) öndə gedənlər, (Cənnətdə də) öndədirlər!
11 - Onlar (Allaha) yaxın olanlar,
12 - Nəim bağlarında (qalacaq kimsələrdir).
13  - onların çoxu əvvəlki nəsillərdən,
14 - az bir qismi də axırıncılardandır.
15 - (Onlar )bəzənmiş taxtlar üstündə
16 - qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.
17 - Onların ətrafında həmişəcavan (xidmətçi) oğlanlar fırlanacaqlar;
18 - çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –
19 - ondan başları ağrımaz və məst olmazlar,
20 - bəyənib seçdikləri meyvələr
21 - və istədikləri quş əti ilə (fırlanacaqlar).
22 - (Onları )iri qaragözlü hurilər gözləyir
23 - (sədəf içində) saxlanılmış mirvariyə bənzər (hurilər).
24 - (Bu,) onların etdikləri əməllərin mükafatı olacaq.
25 - Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.
26 - Ancaq: “Salam! Salam!”– sözləri (eşidəcəklər).
27 - Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
28 - (Onlar) tikansız sidr ağacları arasında,
29 - meyvələri salxım-salxım asılmış banan ağacları altında,
30 - uzanmış kölgəliklərdə,
31 - daim axan sular kənarında,
32 - çoxlu meyvələr,
33 - tükənməz və qadağan edilməyən (meyvələr) içində
34 - və hündür döşəklər üstündə olacaqlar.
35 - Biz (Cənnətdəki) qadınları yeni biçimdə yaradacağıq.
36 - Onları bakirə qızlar edəcəyik –
37 - ərlərini sevən, həmyaşıdlar.
38 - (Bunlar) sağ tərəf sahibləri üçündür.
39 - Onların çoxu əvvəlki nəsillərdən,
40 - bir qismi də axırıncılardandır.
41 - Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
42 - Onlar qızmar yel və qaynar su içində,
43 - qapqara duman kölgəsində olacaqlar.
44 - (Bu duman) nə sərin, nə də xoşagələndir.
45 - Onlar bundan əvvəl cah-calal içində idilər,
46 - böyük günah işlətməkdə israr edirdilər
47 - və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?
48 - Yaxud bizim əcdadlarımız (dirildiləcəklərmi)?”
49 - De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,
50 - bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar.
51 - Sonra, siz ey (doğru yoldan) azanlar, (haqqı) yalan sayanlar!
52 - Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,
53 - qarınlarınızı onunla dolduracaqsınız,
54 - üstündən də qaynar su içəcəksiniz.
55 - (Siz onu) susamış xəstə dəvələr kimi içəcəksiniz”.
56 - Bu onların Haqq-hesab günündəki ziyafətidir.
57 - Sizi Biz yaratdıq. Bəs nə üçün (dirildiləcəyinizi) təsdiq etmirsiniz?
58 - Axıtdığınız nütfəni gördünüzmü?
59 - Onu siz yaradırsınız, yoxsa Biz?
60 - Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.
61 - Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa (Bizə mane olan tapılmaz.)
62 - Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün (dirildiləcəyiniz barədə) düşünmürsünüz?
63 - Əkdiyinizi gördünüzmü?
64 - Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk?
65 - Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,
66 - (vədeyərdiniz): “Biz ziyana uğradıq.
67 - Daha doğrusu (nemətlərdən) məhrum olduq!”
68 - İçdiyiniz suyu gördünüzmü?
69 - Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk?
70 - Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?
71 - Yandırdığınız odu gördünüzmü?
72 - Onun ağacını siz yaradırsınız, yoxsa Biz yaradırıq?
73 - Biz onu (Cəhənnəmi) yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.
74 - Elə isə Ulu Rəbbinin adına təriflər de!
75 - Ulduzların batdığı yerlərə and olsun!
76 - Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.
77 - Həqiqətən, bu, ehtirama layiq Qurandır,
78 - qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).
79 - Ona yalnız pak olanlar toxunur.
80 - O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
81 - Siz bu kəlamı yalan sayırsınız?
82 - Sizə verilən ruziyə (şükür etməyi), onu yalan saymaqla yerinə yetirirsiniz?
83 - (Can) boğaza yetişdiyi zaman –
84 - həmin an siz (can verən adama) baxırsınız.
85 - Biz ona sizdən daha yaxın oluruq, siz isə (bunu) görmürsünüz.
86 - Madam ki siz (iddianızagörə) haqq-hesab olunmayacaqsınız
87 - və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?
88 - Amma əgər o, (Allaha) yaxın olanlardandırsa,
89 - onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.
90 - Əgər o, sağ tərəf sahiblərindəndirsə,
91 - (ona): “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– (deyiləcəkdir.)
92 - Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yoldan) azanlardandırsa,
93 - (onun ) ziyafəti qaynar su olacaq,
94 - özü də Cəhənnəmdə yanacaqdır.
95 - Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.
96 - Elə isə Ulu Rəbbinin adına təriflər de!