səhifələr

61. əs-Saff, "Səf" surəsi

61. əs-Saff
"Səf" surəsi, 14 ayə,
Mədinədə nazil olub. 
 
 1 - Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.
2 - Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız?
3 - Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır.
4 - Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.
5 - Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Nə üçün mənə əziyyət verirsiniz? Axı siz bilirsiniz ki, mən Allahın sizə (göndərdiyi )elçisiyəm!” Onlar (doğru yoldan) sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz.
6 - Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl (naziledilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm!” (Allahın elçisi) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.
7 - İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər? Allah zalım adamları doğru yola yönəltməz.
8 - Onlar Allahın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.
9 - Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.
10 - Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi?
11 - Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir.
12 - (Bu təqdirdə) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir.
13 - Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bununla) müjdələ.
14 - Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər.