səhifələr

62. əl-Cumuə, "Cümə" surəsi

62. əl-Cumuə
"Cümə" surəsi, 11 ayə,
Mədinədə nazil olub.        

1 - Göylərdə və yerdə olanların hamısı Hökmran, Müqəddəs, Qüdrətli, Müdrik Allahın şəninə təriflər deyir.
2 - Savadsızlara özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın )ayələrini oxuyar, onları (pis əməllərdən) təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər.
3 - (Allah səni) hələ (müsəlmanlara) qoşulmamış başqalarına da (elçi göndərmişdir). O, Qüdrətlidir, Müdrikdir.
4 - Bu, Allahın lütfüdür, onu istədiyinə verir. Allah böyük lütf sahibidir.
5 - Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, (amma onlardan faydalana bilməyən) uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların nümunəsi necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz.
6 - De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru danışanlarsınızsa, onda ölüm diləyin!”
7 - Lakin onlar öz əlləri ilə törətdikləri əməllərə görə ölümü əsla diləməzlər. Allah zalımları tanıyır.
8 - De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”.
9 - Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
10 - Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.
11 - Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”.