səhifələr

63. əl-Munafiqun, "Münafiqlər" surəsi

63. əl-Munafiqun
"Münafiqlər" surəsi, 11 ayə,
Mədinədə nazil olub.        

1 - Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!”– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar.
2 - Onlar andlarını sipər edib (insanları) Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!
3 - Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar.
4 - Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar (divara )söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də (haqdan) döndərilirlər!
5 - Onlara: “Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin!”– deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən.
6 - Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq adamları doğru yola yönəltməz.
7 - Məhz onlar: “Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!”– deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar.
8 - Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!”– deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin (bunu) münafiqlər bilmirlər.
9 - Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır.
10 - Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin.
11 - Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır.