səhifələr

67. əl-Mulk, "Mülk" surəsi

67. əl-Mulk
"Mülk" surəsi, 30 ayə,
Məkkədə nazil olub.          

1 - Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir.
2 - Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.
3 - Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi?
4 - Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.
5 - Biz (sizə) yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan (alovlar) etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq.
6 - Rəbbinə qarşı çıxanlar Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir.
7 - Onlar oraya vasil ediləndə onun dəhşətli uğultuyla qaynadığını eşidəcəklər.
8 - Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən (Cəhənnəmin) gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən (bir peyğəmbər) gəlməmişdi?”
9 - Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan (bir peyğəmbər) gəlmişdi. Amma biz (onu) yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”– demişdik.
10 - Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov (şölələri saçan) od sakinlərinin içində olmazdıq!”
11 - Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri!
12 - Həqiqətən, öz Rəbbindən (Onu) görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.
13 - Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də,  (fərqi yoxdur, ) (Allah) kökslərdə olanları bilir.
14 - Yaradan (Allah) Lətif və (hər şeydən) Xəbərdar olduğu halda, ola bilərmi ki, O, (gizlində və aşkarda olanları) bilməsin?
15 - Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər səthində gəzin və (Allahın )ruzisindən yeyin. Qayıdış da Onadır.
16 - Göydə olanın sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir.
17 - Ya da ki, göydə Olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz.
18 - (Müşriklərdən )əvvəlkilər də bunu yalançı hesab etmişdilər. (Görəydin) Mənim inkar etməyim necə oldu!
19 - Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan), (hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları (havada) ancaq Mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür.
20 - Ya da Mərhəmətli (Allahdan) başqa sizə kömək edə biləcək qoşununuzmu var? Kafirlər ancaq aldanmaqdadırlar!
21 - Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və (haqdan) qaçmaqda davam edirlər.
22 - Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən?
23 - De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!”
24 - De: “Sizi yer üzünə yayan da Odur. Siz Onun hüzuruna toplanılacaqsınız!”
25 - Onlar deyirlər: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”
26 - De: “(Buna aid) bilgi yalnız Allah yanındadır. Mən isə ancaq xəbərdar və bəyan edənəm!”
27 - Kafirlər əzabın yaxın olduğunu gördükdə üzləri eybəcər görkəm alacaq və (onlara): “Sizin durmadan istədiyiniz (əzab) bax budur!”– deyiləcəkdir.
28 - De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, (bəs) (siz) kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?”
29 - De: “O, ər-Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu (tezliklə) biləcəksiniz.
30 - De: “Deyin görüm, əgər suyunuz (yerin dibinə )çöksə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?”