səhifələr

68. əl-Qaləm, "Qələm" surəsi

68. əl-Qaləm
"Qələm" surəsi, 52 ayə,
Məkkədə nazil olub.          

1 - Nun. And olsun qələmə və qələmə alınanlara!
2 - Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
3 - Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
4 - Həqiqətən də, sən böyük əxlaq sahibisən!
5 - Sən də görəcəksən, onlar da –
6 - hansınızın dəli olduğunu.
7 - Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
8 - Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə.
9 - (Müşriklər) istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
10 - İtaət etmə hər tez-tez and içənə, alçağa,
11 - qeybət edənə, dedi-qodu yayana,
12 - xeyrə mane olana, həddi aşana, günahkara,
13 - daş ürəkliyə, bunlardan sonra da (başqasının adını mənimsəyən) fırıldaqçıya –
14 - o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə.
15 - Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– deyər.
16 - Biz onun burnuna damğa vuracağıq.
17 - Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər
18 - və heç bir istisna da etməmişdilər.
19 - Onlar yuxuda ikən Rəbbininəzabı (o bağı) bürüdü.
20 - (Bağ) (yanıb) zülmət gecə kimi (qapqara) oldu.
21 - Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar:
22 - “Əgər (meyvə) dərəcəksinizsə, bağınıza erkən gedin!”
23 - Onlar (bağa) yollandılar, (yol boyu da) bir-birlərinə (belə )pıçıldayırdılar:
24 - “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”
25 - Onlar bu məqsədlə (kasıbları bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər.
26 - (Bağı) görəndə isə (belə) dedilər: “Deyəsən, biz düz gəlməmişik!
27 - Xeyr! Biz (bu bağın xeyrindən) məhrum olmuşuq!”
28 - Onların ən insaflısı dedi: “Məgər mən sizə (Allahın şəninə) təriflər söyləyin deməmişdimmi?”
29 - Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!”
30 - Onlar dönüb bir-birlərini qınamağa başladılar
31 - (və) dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq!
32 - Ola bilsin ki, Rəbbimiz bizə (bu bağın) əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.
33 - (Dünyadakı )əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər!
34 - Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında Nəim bağları hazırlanmışdır.
35 - Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?
36 - Sizə nə olub, necə hökm verirsiniz?
37 - Yoxsa sizin elə bir kitabınız vardır ki, (üsyankarla itaətkarın eyni olduğunu) ondan oxuyursunuz?
38 - (Ya da) onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı (yazılmışdır)?
39 - Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır?
40 - Onlardan soruş ki, kim buna zamin duracaqdır?
41 - Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər.
42 - Baldırın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin (buna) qadir ola bilməyəcəkləri gün –
43 - onların baxışları yazıq görkəm alacaq, özlərini də zəlalət bürüyəcəkdir. Hərçənd ki, onlar (dünyada) ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular.
44 - Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları (tovlayıb) bilmədikləri bir yöndən tədricən (əzaba) sürükləyirik.
45 - (Hələlik) Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim (kafirlər üçün qurduğum) hiyləm çox güclüdür.
46 - Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər?
47 - Yoxsa qeyb onların əlindədir və onlar da (ona baxıb istədiklərini) yazırlar?
48 - Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunus )kimi olma! O zaman o, qəm-qüssə içində (Rəbbinə) dua etmişdi.
49 - Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda (heç bir bitki bitməyən) boş yerə atılacaqdı.
50 - Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi.
51 - Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar (çarəsizlikdən): “O, dəlidir!”– deyirlər.
52 - Halbuki bu (Quran) aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir.