səhifələr

69. əl-Həqqa, "Haqq olan" surəsi

69. əl-Həqqa
"Haqq olan" surəsi, 52 ayə,
Məkkədə nazil olub.          

1 - Haqq olan (Qiyamət)!
2 - Nədir haqq olan (Qiyamət)?
3 - Sən nə biləsən ki, nədir haqq olan (Qiyamət)?
4 - Səmud və Ad (tayfaları) (qəlbləri) qorxuya salan (Qiyaməti) yalan saydılar.
5 - Səmud (tayfası) qorxunc bir səslə məhv edildi.
6 - Ad (tayfası) isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.
7 - (Allah) onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. (Sən orada olsaydın,) o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.
8 - Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?
9 - Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər.
10 - Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları (şiddəti) artan bir əzabla yaxaladı.
11 - Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq.
12 - Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə (belə) etdik.
13 - Sur bircə dəfə üfürüləcəyi,
14 - yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –
15 - həmin gün Vaqiə qopacaq.
16 - Göy yarılacaq və həmin gün o, süst olacaqdır.
17 - Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz (mələk )daşıyacaqdır.
18 - O gün siz (məhşərə) gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.
19 - Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!
20 - Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.
21 - O, xoşbəxt həyat sürəcəkdir
22 - uca bir Cənnətdə,
23 - (elə bir Cənnətdə ki,) onun meyvələri lap yaxınlıqda olacaqdır.
24 - (Onlara): “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”(–) (deyiləcəkdir)
25 - Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!
26 - Hesabımdan da xəbərim olmayaydı!
27 - Kaş ilk ölümüm həmişəlik olaydı!
28 - Var-dövlətim mənizabdan) qurtarmadı.
29 - Hökmranlığım da məhv olub getdi”.
30 - (Mələklərə deyiləcək): “Onu yaxalayıb zəncirləyin!
31 - Sonra da Cəhənnəmə atın!
32 - Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!
33 - Çünki o, Böyük Allaha iman gətirmirdi,
34 - və (heç kəsi) kasıbı yedirtməyə rəğbətləndirmirdi.
35 - Bu gün burada onun üçün bir dost tapılmaz.
36 - Qanlı irindən başqa yeməyi də yoxdur.
37 - Onu ancaq günahkarlar yeyər”.
38 - And içirəm həm gördüklərinizə
39 - və həm də görmədiklərinizə!
40 - Bu, möhtərəm bir Elçinin sözüdür.

41 - O, şair sözü deyildir! Necə də az inanırsınız!
42 - O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!
43 - O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir!
44 - Əgər (Muhəmməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,
45 - Biz onu sağ əlindən yaxalayar,
46 - sonra da şah damarını kəsərdik.
47 - İçərinizdən heç kəs buna mane ola bilməzdi.
48 - Həqiqətən, bu (Quran) müttəqilər üçün bir nəsihətdir.
49 - Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik!
50 - Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır.
51 - Sözsüz ki, bu (Quran )əsl həqiqətdir.
52 - Elə isə Böyük Rəbbinin adına təriflər de!