səhifələr

70. əl-Məaric, "Dərəcələr" surəsi

70. əl-Məaric
"Dərəcələr" surəsi, 44 ayə,
Məkkədə nazil olub.          

1 - İstəyən kimsə baş verəcək əzabı istədi –
2 - (bunu) kafirlər üçün (dilədi). (O əzabın) qarşısını alan tapılmayacaq.
3 - (O,) dərəcələr sahibi olan Allahdandır.
4 - Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.
5 - Sən təmkinlə səbir et!
6 - Doğrusu, (kafirlər) o (əzabın) uzaq olduğunu güman edirlər.
7 - Biz isə onun yaxın olduğunu görürük.
8 - O gün göy əridilmiş metal kimi olacaqdır.
9 - Dağlar da (didilmiş )yuna bənzəyəcəklər.
10 - Dost dostunun halını xəbər almayacaq.
11 - (Halbuki) onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,
12 - həyat yoldaşını və qardaşını,
13 - ona sığınacaq vermiş nəslini
14 - və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin.
15 - Xeyr! Bu, alovu (şölələnən) Oddur –
16 - başın dərisini sıyırıb çıxaran (bir od).
17 - (O od) çağırır (haqqa )arxa çevirəni, (ondan) üz döndərəni
18 - və (mal-dövlət) yığıb saxlayanı.
19 - Həqiqətən, insan kəmhövsələ yaradılmışdır.
20 - Ona bir pislik toxunduqda özündən çıxır,
21 - bir xeyir nəsib olduqda isə xəsislik edir.
22 - Namaz qılanlar istisnadır.
23 - O kəslər ki, namazlarını həmişə qılırlar.
24 - O kəslər ki, onların mallarında məlum bir haqq vardır-
25 - dilənən və (həya edib )dilənməyən miskinlər üçün.
26 - O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.
27 - O kəslər ki, Rəbbinin əzabından qorxurlar.
28 - Axı Rəbbinin əzabı (onlar üçün də) təhlükəsiz deyil.
29 - O kəslər ki, tənasül üzvlərini (zinadan) qoruyurlar –
30 - zövcələrindən və sahib olduqları cariyələrdən başqa. (Buna görə) onlar əsla qınanmazlar.
31 - Bundan artığını istəyənlər isə həddi aşanlardır.
32 - O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar.
33 - O kəslər ki, şahidliklərində mətindirlər.
34 - Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar.
35 - Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır.
36 - Sənə doğru tələsən kafirlərə nə olub belə –
37 - sağdan-soldan dəstələrlə (ətrafına) (yığışırlar)?
38 - Deyəsən onların hamısı Nəim cənnətinə (bir təhər) girə biləcəklərini düşünürlər?
39 - Xeyr! (Bu mümkün deyil!) Biz onları bildikləri şeydən xəlq etmişik.
40 - And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, (elə bir) qüdrətə malikik ki, –
41 - (onları) daha yaxşıları ilə əvəz edə bilərik. (Bunda) qarşımıza çıxa bilən tapılmaz.
42 - Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər.
43 - O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar.
44 - (O gün onların) baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün!