səhifələr

71. Nuh, "Nuh" surəsi

71. Nuh
"Nuh" surəsi, 28 ayə,
Məkkədə nazil olub.          

1 - Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik (və dedik): “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl xəbərdar et!”
2 - O dedi: “Ey qövmüm! Şübhəsiz ki, mən sizi aydın bir tərzdə xəbərdar edənəm!
3 - Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!
4 - (Belə etsəniz,) O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən, Allahın (müəyyən etdiyi) vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”
5 - O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim.
6 - Amma dəvətim onların (haqdan) qaçmalarını daha da artırdı.
7 - Sən onları bağışlayasan deyə mən hər dəfə onları (imana) dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, (küfrlərində) israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər.
8 - Sonra mən onları aşkarcasına dəvət etdim.
9 - Sonra mən onlara (həm uca səslə), (həm də) gizlicə bildirib
10 - dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!
11 - O, sizin üzərinizə bol-bol yağış göndərər,
12 - var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar.
13 - Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz?
14 - Axı O sizi mərhələlərlə yaratdı.
15 - Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz?
16 - Ayı bir nur, günəşi də çıraq etmişdir.
17 - Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir.
18 - Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır.
19 - Allah yeri sizin üçün xalı təki döşədi.
20 - (Belə etdi) ki, orada geniş yollarla hərəkət edəsiniz”.
21 - Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular.
22 - Onlar (mənə qarşı) böyük bir hiylə işlətdilər
23 - və (özlərinə tabe olanlara) dedilər: “Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”
24 - Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma”.
25 - Onlar öz günahlarına görə (suya) qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar.
26 - Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!
27 - Əgər Sən onları (sağ) qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir (övladlar) doğub-törədəcəklər.
28 - Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”.