səhifələr

72. əl-Cinn, "Cinlər" surəsi

72. əl-Cinn
"Cinlər" surəsi, 28 ayə,
Məkkədə nazil olub.          

1 - De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə (Quranı) dinlədikdən sonra (öz tayfalarına qayıdıb) dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!
2 - O, doğru yola yönəldir. Biz ona inandıq və (bundan sonra) əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.
3 - Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır.
4 - Bizim səfehimiz (İblis) Allaha qarşı hədsiz (yalanlar) danışır.
5 - Biz zənnə qapılaraq düşünürdük ki, insanlar da, cinlər də Allaha iftira atmazlar.
6 - Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. (Bu isə) onların azğınlığını artırırdı.
7  - Onlar da siz zənn etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri diriltməyəcəkdir.
8 - Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq.
9 - Biz (əvvəllər) (gizlicə )qulaq asmaq üçün göyün bəzi sahələrində oturardıq. Amma kim bunu indi etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr.
10 - Biz bilmirik, (bununla) yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?
11 - Əlbəttə, aramızda xeyirxah əməl sahibləri də, onlar kimi olmayanlar da var. Biz ayrı-ayrı yollar tutmuşuq.
12 - Yəqin etdik ki, yer üzündə Allahdan yaxa qurtara bilmərik. (Göyə) qaçmalı olsaq da Onun əzabından yayına bilməyəcəyik.
13 - Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə (savabının) azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz.
14 - Sözsüz ki, bizlərdən müsəlmanlar da var, (doğru yoldan) sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır.
15 - (Doğru yoldan) sapanlar Cəhənnəm üçün odun olacaqlar”.
16 - Əgər onlar o yolda sabit qalsaydılar, Biz onlara bol-bol su verərdik.
17 - (Belə edərdik) ki, bununla onları sınayaq. Kim öz Rəbbinin zikrindən üz döndərərsə, O, həmin şəxsi şiddətli bir əzaba məruz qoyar.
18 - Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!
19 - Allahın qulu qalxıb Allaha dua etdikdə (cinlər) az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar.
20 - De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!”
21 - De: “Mən sizə nə ziyan verməyə, nə də (sizi) doğru yola yönəltməyə qadirəm!”
22 - De: “Həqiqətən, məni Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm!
23 - (Mənim əlimdən gələn) ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır”.
24 - Onlar özlərinə vəd olunmuş (əzabı) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.
25 - De: “Mən sizə vəd olunmuş (əzabın) yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm.
26 - O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz;
27 - razı qaldığı elçidən başqa. Həqiqətən, O, onların önündə və arxasında gözətçilər qoyur ki,
28 - (hər kəs) onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. (Allah) onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”.