səhifələr

75. əl-Qiyamə, "Qiyamət" surəsi

75. əl-Qiyamə
"Qiyamət" surəsi, 40 ayə,
Məkkədə nazil olub.          

1 - And içirəm Qiyamət gününə!
2 - And içirəm peşmançılıq çəkən nəfsə!
3 - İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik.
4 - Mütləq (yığacağıq)! Biz onun barmaq uclarını bərpa etməyə qadirik.
5 - Lakin insan (bundan sonra da) günah etmək fikrindədir.
6 - O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə (rişxəndlə) soruşur.
7 - Gözlər bərələ qalacağı,
8 - ay tutulacağı
9 - və günəşlə ayın qovuşacağı zaman –
10 - o gün insan deyəcəkdir: “Hara qaçaq?”
11 - Xeyr, (o gün) pənah aparılacaq yer tapılmayacaq.
12 - O gün qayıdış (ancaq) sənin Rəbbinə olacaqdır.
13 - O gün insana əvvəllər etdiyi və sonraya saxladığı (əməlləri) barədə xəbər veriləcəkdir.
14 - Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir;
15 - üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da.
16 - (Cəbrail sənə Quranı nazil etdikdə )onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!
17 - Şübhəsiz ki, (sənin qəlbində) onun qərar tutması və (dilinlə) onun oxunması Bizə aiddir.
18 - Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə.
19 - Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir.
20 - Xeyr! Əksinə, siz tez ötüb keçən (fani dünyanı )sevir,
21 - Axirətdən isə uzaqlaşırsınız.
22 - O gün (neçə-neçə) üzlər nurlanacaq
23 - və öz Rəbbinə baxacaqdır.
24 - O gün (neçə-neçə) üzlər də tutulub qaralacaq,
25 - və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.
26 - Xeyr, o (ruh) körpücük sümüklərinə yetişəcəyi zaman;
27 - "Ovsunu kim oxuyacaq?”– deyiləcəkdir.
28 - (Can verən adam) (dünya həyatından) ayrıldığını yəqin edəcəyi,
29 - və baldır baldıra dolaşacağı zaman –
30 - o gün (hər kəs) Rəbbinin hüzuruna gətiriləcəkdir.
31 - O (kafir) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.
32 - (Haqqı) (da) yalan saydı və üz döndərdi.
33 - Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi.
34 - Vay sənin halına, vay!
35 - Yenə də vay sənin halına, vay!
36 - Bəlkə insan özbaşına qoyulacağını güman edir?
37 - Məgər o, (kişi) toxumundan axıdılan bir damla nütfə deyildimi?
38 - Sonra laxtalanmış qan oldu. Allah (onu) yaradıb kamil bir görkəmə saldı.
39 - Ondan da bir cüt kişi və qadın yaratdı.
40 - Məgər O, ölüləri diriltməyə qadir deyil?