səhifələr

76. əl-İnsan, "İnsan" surəsi

76. əl-İnsan
"İnsan" surəsi, 31 ayə,
Məkkədə nazil olub.

1 - Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?
2 - İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.
3 - Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.
4 - Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq.
5 - Sözsüz ki, itaətkarlar kafur qatılmış (şərabla dolu) badələrdən nuş edəcəklər.
6 - (Bu elə) bir bulaqdır ki, Allahın qulları ondan (doyunca) içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər.
7 - Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar.
8 - Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər
9 - (və deyərlər): “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik!
10 - Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”
11 - Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər
12 - və onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və (orada geyəcəkləri) ipəklə mükafatlandırar.
13 - (Onlar) orada taxtlar üzərində (mütəkkələrə) dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər.
14 - (Cənnət ağaclarının) kölgələri (özləri) onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək.
15 - Onların ətrafına (təamlarla dolu) gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq.
16 - Gümüşdən olan elə büllur qədəhlər ki, (xidmətçilər) onları (cənnətdəkilərin) içmək istədikləri həcmdə hazırlamışlar.
17 - Orada onlara zəncəfil qatılmış (şərab) badəsiiçirdiləcək.
18 - (Bu elə) bir bulaqdandır ki, (o,) (Cənnətdə) Səlsəbil adlanır.
19 - Onların ətrafında həmişə gənc olan (xidmətçi) cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.
20 - (Cənnətdə) hara baxsan nemət və əzəmətli səltənət (nişanəsi) görərsən.
21 - Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.
22 - (Onlara deyiləcəkdir): “Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”.
23 - Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.
24 - Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!
25 - Səhər-axşam Rəbbinin adını zikr et!
26 - Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de!
27 - Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq (qarşılarındakı) Ağır Günü görməməzliyə vururlar.
28 - Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, (onları) özlərinə bənzərləri ilə dəyişdirərik.
29 - Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar.
30 - Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!
31 - O, istədiyini Öz mərhəmətinə nail edər. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır.