səhifələr

77. əl-Mursəlat, "Göndərilənlər" surəsi

77. əl-Mursəlat
"Göndərilənlər" surəsi, 50 ayə,
Məkkədə nazil olub.

1 - And olsun xeyirlə göndərilənlərə
2 - və şiddətlə əsənlərə!
3 - And olsun (Allahın əmrini) yaydıqca yayanlara,
4 - (haqqı nahaqdan) ayırdıqca ayıranlara
5 - və zikri çatdıranlara –
6 - üzr diləmək və ya qorxutmaq üçün (çatdıranlara!)
7 - Sizə vəd edilmiş (Qiyamət )mütləq vaqe olacaqdır.
8 - Ulduzlar sönəcəyi zaman;
9 - Göy yarılacağı zaman;
10 - Dağlar dağılacağı zaman;
11 - Elçilərə vaxt təyin olunacağı zaman –
12 - (deyiləcəkdir): “(Bunlara) verilmiş möhlət hansı günə qədərdir?”
13 - (Deyiləcəkdir): “Ayırd etmə gününədək!”
14 - Sən Ayırd etmə gününün nə olduğunu bilirsənmi?
15 - (Qiyaməti) yalan sayanların o Gün vay halına!
16 - Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi?!
17 - Sonrakıları da onlara qatacağıq.
18 - Biz günah sahibləri ilə belə davranırıq.
19 - (Qiyaməti) yalan sayanların o Gün vay halına!
20 - Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?
21 - Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –
22 - məlum bir vaxta kimi?
23 - Biz (nütfəni yaratmağa) qadir olduq. Nə gözəl Qadir olanlarıq (Biz)!
24 - (Qiyaməti) yalan sayanların o Gün vay halına!
25 - Məgər Biz yeri məskən etmədikmi –
26 - dirilər və ölülərlə?
27 - Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi?
28 - (Qiyaməti) yalan sayanların o Gün vay halına!
29 - (Onlara belə deyiləcək): “Gedin yalan hesab etdiyiniz (Cəhənnəmə!)
30 - Üç qola ayrılan kölgəliyə gedin!”
31 - Ora nə kölgə salır, nə də alovdan qoruyur.
32 - (Cəhənnəm) hərəsi hündür imarət həcmində qığılcımlar püskürür.
33 - Onlar sanki sarı dəvələrdir.
34 - (Qiyaməti) yalan sayanların o Gün vay halına!
35 - Bu, (günahkarların) danışa bilməyəcəkləri bir gündür.
36 - Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.
37 - (Qiyaməti) yalan sayanların o Gün vay halına!
38 - Bu (gün), (haqqı batildən) ayırd etmə günüdür. (Ey kafirlər!) Biz həm sizi, həm də əvvəlkiləri (bir yerə) cəm etdik!
39 - Əgər hiyləniz varsa, Mənə qarşı işlədin!
40 - (Qiyaməti) yalan sayanların o Gün vay halına!
41 - Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
42 - və istədikləri meyvələr içində olacaqlar.
43 - (Onlara deyiləcək): “(Xeyirxah) əməllərinizə görə nuşcanlıqla yeyin-için!
44 - Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
45 - (Qiyaməti) yalan sayanların o Gün vay halına!
46 - Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!
47 - O gün (Qiyaməti) yalan sayanların vay halına!
48 - Onlara: “Rüku edin!”– deyildiyi zaman rüku etməzlər.
49 - O gün (haqqı) yalan sayanların vay halına!
50 - Onlar bu (Qurandan) sonra hansı sözə inanacaqlar?