səhifələr

78. ən-Nəbə, "Xəbər" surəsi

78. ən-Nəbə
"Xəbər" surəsi, 40 ayə,
Məkkədə nazil olub.

1 - Onlar nə barədə bir-birindən soruşurlar?
2 - Böyük bir xəbər barəsində –
3 - (elə bir xəbər) ki, onlar onun haqqında ziddiyyətdədirlər.
4 - Xeyr, onlar (Qiyamətin həqiqət olduğunu) hökmən biləcəklər!
5 - Bir daha xeyr! Onlar hökmən biləcəklər!
6 - Məgər Biz yeri yataq etmədikmi?
7 - Dağları da payalar?!
8 - Biz sizi cüt yaratdıq.
9 - Yuxunuzu da (sizin üçün) rahatlıq etdik.
10 - Gecəni örtük etdik,
11 - gündüzü isə ruzi qazanmaq vaxtı.
12 - Üstünüzdə yeddi möhkəm (göy) qurduq
13 - və çox parlaq bir çıraq yaratdıq.
14 - Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki,
15 - onunla taxıl və digər bitkilər yetişdirək,
16 - habelə (ağaclarının qol-budaqları bir-birinə) sarmaşan bağlar (salaq).
17 - Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!
18 - Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.
19 - (O gün) göyün qapıları açılacaqdır.
20 - Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək.
21- Həqiqətən, Cəhənnəm (kafirlər üçün) pusquda dayanıb gözləyir.
22- O, həddi aşanların qayıdacağı yerdir.
23- Onlar orada əsrlər boyu qalacaqlar.
24- Onlar orada nə bir sərinlik, nə də (sərinlədici) içki dadacaqlar.
25- (İçdikləri) yalnız qaynar su və irin (olacaq – )
26- (Törətdikləri əməllərinə) uyğun bir cəza kimi.
27- Doğrusu, onlar haqq-hesab çəkiləcəklərinə ümid etmirdilər.
28 - Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.
29 - Biz hər bir şeyi hesablayıb yazmışıq.
30 - Elə isə dadın (əzabı!) Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
31- Həqiqətən, müttəqilər üçün nicat yeri vardır.
32- (Həmçinin) bağlar və üzümlüklər,
33- dolğun döşlü həmyaşıd qızlar
34- və ləbələb (doldurulmuş) qədəhlər də (vardır)!
35 - Onlar orada nə mənasız sözlər, nə də iftira eşitməyəcəklər.
36 - (Bunlar) sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir.
37 - Göylərin, yerin və onların arasında olanların Mərhəmətli Rəbbindən (mükafatdır). Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.
38 - Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli (Allahın) izin verdiyi kimsələrdən və doğru (söz) deyənlərdən başqa heç kəs danışmayacaq.
39 - O (gün), gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar!
40 - Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”