səhifələr

79. ən-Naziat, "Can alanlar" surəsi

79. ən-Naziat
"Can alanlar" surəsi, 46 ayə,
Məkkədə nazil olub.

1 - And olsun (kafirlərin canını) zorla alanlara!
2 - And olsun (möminlərin canını) rahatlıqla alanlara!
3 - And olsun (göydə) üzdükcə üzənlərə!
4 - And olsun ötdükcə ötənlərə!
5 - And olsun buyruqları yerinə yetirənlərə!
6 - O gün lərzəyə gələn lərzələnəcək,
7 - onun ardınca təkrar lərzələnəcək.
8 - Həmən gün qəlblər (qorxudan) tir-tir əsəcək.
9 - Bu qəlb (sahiblərinin) gözləri məzlum görkəm alacaq.
10 - Onlar deyirlər: “Yəni biz (yenidən) bundan qabaqkı halımıza döndəriləcəyik?
11 - Sümüklərimiz çürüdükdən sonra?”
12 - Onlar dedilər: “Belə olduğu halda bu, zərərli bir qayıdışdır”.
13 - O (surun üfürülməsi) təkcə qorxunc bir səsdir.
14 - (O vaxt) onlar ləngimədən (qəbirlərindən )yerin səthinə çıxacaqlar.
15 - Musanın hadisəsi sənə yetişdimi?
16 - O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi:
17 - “Fironun yanına yollan! O, həddini çox aşmışdır.
18 - De: “(Günahlardan) xilas olmaq istəyirsənmi?
19 - Səni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən?”
20 - (Musa) ən böyük möcüzəni (Firona) göstərdi.
21 - O isə (haqqı) yalan sayıb üsyankar olduğunu göstərdi.
22 - Sonra da üz döndərib (fəsad törətməyə) girişdi.
23 - O, (camaatını) toplayıb (onlara hündür səslə müraciət edərək)
24 - dedi: “Sizin ən uca rəbbiniz mənəm!”
25 - (Belə olduqda), Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.
26- Həqiqətən, bunda (Allahdan) qorxanlardan ötrü işarə var.
27 - Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu qurdu,
28 - onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi,
29- gecəsini qaranlıq edib, səhərini də (nurlandırdı).
30 - Sonra yeri döşəyib,
31 - onda su və otlaq yaratdı,
32 - dağları da yerə bərkitdi.
33 - (Bunlar) sizin və mal-qaranızın faydalanmasından ötrüdür.
34 - Ən böyük fəlakətin gəldiyi zaman –
35 - o gün insan törətdiklərini xatırlayacaqdır.
36 - Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir.
37 - Kim həddi aşmışsa,
38 - dünya həyatını (axirətdən )üstün bilmişsə,
39 - həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır.
40 - Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə,
41 - həqiqətən, Cənnət onun məskəni olacaq.
42 - Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?”– (deyə) soruşurlar.
43 - Sən onu haradan biləsən axı?!
44 - Onu kamil bilmək sənin Rəbbinə aiddir.
45 - Sən yalnız ondan qorxanı xəbərdar edənsən.
46 - Onlar Qiyaməti gördükləri an (dünyada) yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər!