səhifələr

81. ət-Təkvir, "Sarınma" surəsi

81. ət-Təkvir
"Sarınma" surəsi, 29 ayə,
Məkkədə nazil olub.

1 - Günəş sarınacağı zaman,
2 - ulduzlar soluxub sönəcəyi zaman,
3 - dağlar hərəkətə gətiriləcəyi zaman,
4 - boğaz dəvələr başlı-başına qalacaqları zaman,
5 - vəhşi heyvanlar bir yerə toplanılacağı zaman,
6 - dənizlər alovlanacağı zaman,
7 - hər kəs (öz tayına) qovuşdurulacağı zaman,
8 - diri-diri (torpağa) basdırılmış qız (uşağı) soruşulacağı zaman –
9 - hansı günaha görə öldürülmüşdür;
10 - səhifələr açılacağı zaman,
11 - göy qopardılacağı zaman,
12 - Cəhənnəm alovlandırılacağı zaman
13 - və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman,
14 - hər kəs (bu gün üçün özünə) nə tədarük etdiyini biləcəkdir.
15 - And içirəm (gecə çıxıb gündüz) batan (ulduzlara),
16 - seyrə çıxıb gizlənən (səyyarələrə),
17 - qaralmaqda olan gecəyə,
18 - və açılmaqda olan səhərə!
19 - Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür.
20 - (O elçi ki), qüvvətlidir, Ərşin sahibi yanında (böyük )hörmət sahibidir,
21 - orada itaət ediləndir, etibarlıdır.
22 - Sizin dostunuz (Muhəmməd) divanə deyildir.
23 - O, (Cəbraili) aydın üfüqdə gördü.
24 - O, qeybdaən də xəsislik edən deyildir.
25 - Bu (Quran) daşqalaq olunmuş şeytanın sözü də deyildir.
26 - Elə isə (ondan üz döndərib) hara gedirsiniz?
27- Bu, aləmlərə yalnız bir nəsihətdir
28 - sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün.
29 - Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!