səhifələr

83. əl-Mutaffifin, "Çəkidə və ölçüdə aldadanlar" surəsi


83. əl-Mutaffifin
"Çəkidə və ölçüdə aldadanlar" surəsi, 36 ayə,
Məkkədə nazil olub.

1 - Çəkidə və ölçüdə aldadanların vay halına!
2 - O kəslərin ki, camaatdan (bir şey) aldıqda (onu) tam almaq istəyərlər,
3 - onlar üçün (bir şey) ölçdükdə və ya çəkdikdə (onu) ziyana salarlar.
4 - Onlar dirildiləcəklərini fikirləşmirlərmi?
5 - (Həm də) əzəmətli bir gündə.
6 - O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar.
7 - Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir.
8 - Sən haradan biləsən ki, Siccin nədir?!
9 - O, yazılı bir kitabdır!
10 - O gün (haqqı) yalan hesab edənlərin vay halına!
11 - O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər.
12 - (Amma )bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz.
13 - Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin (uydurduğu) əfsanələrdir!”– deyir.
14 - Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür.
15 - Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!
16 - Sonra onlar Cəhənnəmə girəcəklər
17 - və (onlara) deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz (Cəhənnəm)!”
18 - Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir!
19 - Sən haradan biləsən ki, İlliyyun nədir?!
20 - O, elə bir yazılı kitabdır ki,
21 - onu yalnız (Allaha) yaxın olanlar görürlər!
22 - Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar.
23 - Onlar taxtlar üstündə seyrə dalacaqlar.
24 - Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən.
25 - Onlara möhürlü şərabdan içirdiləcəkdir.
26 - Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər!
27 - Onun qatışığı isə təsnim (bulağındandır).
28 - (O təsnim elə) bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.
29 - Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər,
30 - onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər,
31 - öz ailələrinin yanına fərəhlə qayıdırdılar,
32 - möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”
33 - Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar.
34 - Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər.
35 - Onlar taxtlar üstündə (ətrafa) baxacaqlar.
36 - Kafirlər törətdiklərinin cəzasını aldılarmı?!