səhifələr

84. əl-İnşiqaq, "Yarılma" surəsi

84. əl-İnşiqaq
"Yarılma" surəsi, 25 ayə,
Məkkədə nazil olub.

1 - Göy yarılacağı
2 - və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
3 - Yer dümdüz ediləcəyi,
4 - içindəkiləri kənara atıb boşalacağı
5 - və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
6 - Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!
7 - Kimin kitabı sağ əlinə veriləcəksə,
8 - o, yüngül sorğu-suala tutulacaq
9 - və sevincək öz ailəsinə qayıdacaqdır!
10 - Kimin kitabı arxa tərəfindən veriləcəksə,
11 - o (özünə) ölüm diləyəcək
12 - və alovlu oda atılacaqdır!
13 - Sözsüz ki, o, (dünyada ikən) öz ailəsində sevinc içində idi
14 - və elə güman edirdi ki, (Rəbbinin hüzuruna) qayıtmayacaqdır.
15 - Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.
16 - And içirəm şəfəqə,
17 - gecəyə və (onun) ağuşuna aldıqlarına,
18 - bədirlənmiş (on dörd gecəlik) aya!
19 - Siz mütləq haldan-hala keçib (dəyişəcəksiniz).
20 - Onlara nə olub ki, iman gətirmirlər
21 - və onlara Quran oxunduqda səcdə etmirlər?
22 - Əksinə, küfr edənlər (haqqı) yalan sayırlar.
23 - Allah (onların) nəyi gizlətdiklərini çox yaxşı bilir!
24 - Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ,
25 - iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.