səhifələr

85. əl-Buruc, "Bürclər" surəsi


85. əl-Buruc
"Bürclər" surəsi, 22 ayə,
Məkkədə nazil olub.

1 - And olsun bürclü göyə!
2 - And olsun vədə verilmiş günə!
3 - And olsun şahidlik edənə və edilənə!
4 - Məhv olsun xəndək kənarında yığışanlar!
5 - Odunla alışdırılmış (xəndək).
6 - Onlar o (xəndəyin) qırağında oturub,
7 - möminlərə öz verdikləri (işgəncələrə) şahidlik edirdilər.
8 - (Kafirlər) onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
9 - Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir.
10 - O kəslər ki, mömin kişi və qadınları (yandırmaqla) sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır.
11 - Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir.
12 - Doğrudan da, Rəbbinin (günahkarları) yaxalaması çox şiddətlidir!
13 - Həqiqətən, O, (hər şeyi) ilkin yaradır və (onu yenidən) bərpa edir!
14 - Bağışlayan da, Sevən də Odur!
15 - Ərşin sahibidir, Şan-şöhrətlidir!
16 - İstədiyini edəndir.
17 - Qoşunlar haqqında əhvalat sənə çatıbmı?
18 - Firon və Səmud (qoşunlarının.)
19 - Xeyr, küfr edənlər (haqqı) yalan saymaqdadırlar.
20 - Allah (onları) arxadan əhatə etmişdir.
21 - Bəli, bu şanlı Qurandır.
22 - O, mühafizə edilən lövhədədir.