səhifələr

86. ət-Tariq, "Gecə yolçusu" surəsi


86. ət-Tariq
"Gecə yolçusu" surəsi, 17 ayə,
Məkkədə nazil olub.

1 - And olsun səmaya və gecə yolçusuna!
2 - Sən nə bilirsən ki, gecə yolçusu nədir?
3 - (Bu, qaranlıqları) dəlib keçən ulduzdur.
4 - Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın!
5 - Qoy insan nədən yaradıldığına bir baxsın!
6 - O, süzülüb tökülən bir mayedən yaradılmışdır.
7 - Bu (maye) bel və köks sümükləri arasından çıxır.
8 - Şübhəsiz ki, (Allah) onu (dirildib) qaytarmağa qadirdir.
9 - Sirlərin sınaqdan keçiriləcəyi gün,
10 - onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar.
11 - And olsun (yağmurla) qayıdan göyə!
12 - And olsun (növbənöv bitkilərlə) yarılan yerə!
13 - Həqiqətən, bu, (haqqı batildən) ayırd edən bir kəlamdır.
14 - O, əyləncə də deyildir.
15 - Həqiqətən, (kafirlər) hiylə qururlar.
16 - Mən də hiylə qururam.
17 - Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.