səhifələr

88. əl-Ğaşiyə, "Bürüyən" surəsi


88. əl-Ğaşiyə
"Bürüyən" surəsi, 26 ayə,
Məkkədə nazil olub.

1- (Aləmi) Çulğalayanın xəbəri sənə gəlib çatdımı?
2 - O gün (neçə-neçə) üzlər zəlil olub yerə dikiləcək,
3 - üzülüb əldən düşəcək,
4 - çox qızmar oda girəcək,
5 - qaynar çeşmədən içirdiləcəkdir.
6 - Onlara daridən başqa bir yemək verilməyəcəkdir.
7 - (O onları) nə doydurar, nə də aclıqdan xilas edər.
8 - O gün (neçəsinin) üzündə fərəh görünəcək,
9 - (dünyadakı) səylərindən məmnun qalacaq,
10 - uca Cənnətdə olacaq,
11 - orada faydasız söz eşitməyəcəkdir.
12 - Orada axar çeşmələr vardır;
13 - Orada hündür taxtlar,
14 - düzülmüş piyalələr,
15 - yan-yana qoyulmuş yastıqlar,
16 - və (döşəmələrə) sərilmiş xalçalar vardır.
17 - Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?
18 - Göyün necə yüksəldiyini (görmürlər) ?
19 - Dağların necə sancıldığını (görmürlər) ?
20 - Yerin necə döşədildiyini (görmürlər) ?
21 - (Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən.
22 - Sən onların üstündə hökmdar deyilsən.
23 - Lakin üz döndərib küfr edəni,
24 - Allah ən şiddətli əzabla cəzalandırar.
25 - Şübhəsiz ki, onların dönüşü Bizədir.
26 - Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.