səhifələr

89. əl-Fəcr, "Dan yeri" surəsi


89. əl-Fəcr
"Dan yeri" surəsi, 30 ayə,
Məkkədə nazil olub.

1 - And olsun dan yerinə!
2 - And olsun on gecəyə!
3 - And olsun cütə və təkə!
4 - And olsun keçib getməkdə olan gecəyə!
5 - Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?6 - Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad (qövmünə),
7 - sütunlar sahibi İrəm (qəbiləsinə) –
8 - halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.
9 - (Habelə) vadidə qayaları yonan Səmud (qövmünə)?
10 - Eləcə də sütunlar sahibi Firona?
11 - Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,
12 - çoxlu fitnə-fəsad törətmişdilər.
13 - Rəbbin də onları əzabla qamçıladı.
14 - Həqiqətən, sənin Rəbbin nəzarət edir.
15 - İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər.
16 - Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!”– deyər.
17 - Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,
18 - kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,
19 - mirası hərisliklə yeyirsiniz,
20 - var-dövləti də hərisliklə sevirsiniz.
21 - Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
22 - sənin Rəbbin və səf-səf (düzülmüş) mələklər gələcək
23 - və o gün Cəhənnəm gətiriləcək. O gün insan (günahlarını) xatırlayacaqdır. Lakin (bu) xatırlamanın ona nə faydası?
24 - O: “Kaş (axirət )həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”– deyəcəkdir.
25 - O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz
26 - və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz.
27 - (O gün möminə deyiləcəkdir): “Ey arxayın olan kəs!
28 - Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!
29 - Mənim qullarımın (cərgəsinə) keç!
30 - Cənnətimə daxil ol!