səhifələr

90. əl-Bələd, "Şəhər" surəsi


90. əl-Bələd
"Şəhər" surəsi, 20 ayə,
Məkkədə nazil olub.

1 - And içirəm bu şəhərə (Məkkəyə)!
2 - Sən də o şəhərin sakinisən.
3 - And olsun valideynə və onun törəməsinə!
4 - Biz insanı çətinlik içində xəlq etdik.
5 - O, heç kəsin ona gücü çatmayacağınımı güman edir? 6 - O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”
 7 - O, heç kəsin onu görməyəcəyinimi zənn edir?
 8 - Məgər ona iki gözü Biz verməmişikmi?
 9 - Bir dillə iki dodaq (verməmişikmi)?
10 - Ona iki yoxuşlu yola yönəltmədikmi?
11 - O isə sərt yoxuşu aşmağa can atmadı.
12 - Sən nə bilirsən ki, sərt yoxuş nədir?
13 - O,bir kölə azad etməkdir
14 - və ya aclıq günündə (möhtaca) yemək verməkdir –
15 - qohumluq əlaqəsi çatan bir yetimə,
16 - yaxud (aclıqdan) yerə uzanmış kasıba!
17 - Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır.
18 - Onlar sağ tərəf sahibləridir.
19 - Ayələrimizi inkar edənlər isə sol tərəfə sahibdirlər.
20 - Od onların üzərində qapanacaqdır.