səhifələr

92. əl-Leyl, "Gecə" surəsi


92. əl-Leyl
"Gecə" surəsi, 21 ayə,
Məkkədə nazil olub.

1 - And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə!
2 - And olsun (günəşin çıxması ilə) aydınlaşan gündüzə!
3 - And olsun kişini və qadını yaradana!
4 - Sizin can atdıqlarınız başqa-başqadır.
5 - Kim (haqqını) verir və (Allahdan) qorxursa,6 - və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə,
7 - Biz onu ən asan olana nail edəcəyik.
8 - Kim də xəsislik edərək (Rəbbinə) ehtiyacı olmadığını güman edirsə
9 - və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə,
10 - Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.
11 - (Cəhənnəmə )düşdükdə var-dövləti ona fayda verməyəcək.
12 - Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.
13 - Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir.
14 - Mən sizi alov saçan bir odla qorxutdum.
15 - Ona ancaq ən bədbəxt kimsə girər.
16 - O kimsə ki, (haqqı) yalan sayır və (ondan) üz döndərir.
17 - (Allahdan) ən çox qorxan isə o (Oddan) uzaqlaşdırılar.
18 - O kimsə ki, malını (Allah yolunda) verir, (günahlardan) təmizlənir.
19 - Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz.
20 - (O bunu) ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən (edər).
21 - O, mütləq razı qalacaqdır!