səhifələr

96. əl-Ələq, "Laxtalanmış qan" surəsi

96. əl-Ələq
"Laxtalanmış qan" surəsi, 19 ayə,
Məkkədə nazil olub.

1-Yaradan Rəbbinin adı ilə oxu!
2-O, insanı qan laxtasından yaratdı.
3-Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir.
4-O, qələmlə (yazmağı) öyrətdi.
5-İnsana bilmədiklərini öyrətdi.
6-Xeyr! İnsan, doğrudan da, həddini aşır,
7-özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.
8-Axı son dönüşün Rəbbinədir!
9-Gördünmü o kəsi ki, mane olur
10-bir bəndəyə namaz qıldığı zaman?
11-Söylə görək, əgər o (bəndə )doğru yoldadırsa,
12-yaxud (Allahdan) qorxmağı əmr edirsə, (onda necə olsun)?
13-Söylə görək, əgər (o kafir haqqı) yalan sayıb üz döndəribsə, (onda necə olsun)?
14-Məgər o bilmir ki, Allah görür?
15-Xeyr! Əgər son qoymasa, (Biz onun) kəkilindən tutacağıq –
16-yalançı, günahkar kəkilindən.
17-Qoy öz yığnağını çağırsın.
18-Biz də əzab mələklərini çağıracağıq.
19-Xeyr, sən ona qulaq asma! Səcdə qıl və (Allaha) yaxınlaş!