səhifələr

98. əl-Beyyinə, "Açıq-aydın dəlil" surəsi

98. əl-Beyyinə
"Açıq-aydın dəlil" surəsi, 8 ayə,
            Mədinədə nazil olub.           

1-Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə (küfrlərindən) əl çəkmədilər.
2-(Bu dəlil )pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir.
3-Onların içində doğru yazılar vardır.
4-Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra ayrıldılar.
5-Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!
6-Həqiqətən, Kitab əhlindən və müşriklərdən inkar edənlərin məskəni Cəhənnəm odu olacaq və orada əbədi qalacaqlar. Onlar məxluqatın ən pisləridir.
7-Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar.
8-Onların Rəbbinin yanındakı mükafatı (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələrdən ötrüdür!