səhifələr

87. əl-Əla, "Ən Uca"

87. əl-Əla
"Ən Uca" surəsi, 19 ayə,
Məkkədə nazil olub.          

1 - Ən Uca Rəbbinin adına təriflər de!
2 - O (Rəbbin) ki, (hər şeyi) yaradıb kamilləşdirdi;
3 - O (Rəbbin) ki, (hər şeyin müqəddəratını) əzəldən müəyyən edərək yol göstərdi,
4 - O( Rəbbin) ki, otlağı cücərdib,
5 - sonra da qaralmış samana çevirdi.
6 - Biz sənə (Quranı) (elə) oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq.
7 - (Əlbəttə, )Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.
8 - Səni ən asan olana müvəffəq edərik.
9 - Xatırlatmanın fayda verdiyini görsən, (onlara) xatırlat!
10 - (Allahdan) qorxanlar öyüd-nəsihət götürərlər.
11 - Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.
12 - O kimsə ki, Cəhənnəmə atılacaq,
13 - O orada nə ölə, nə də yaşaya bilməyəcəkdir.
14 - (Günahlardan) təmizlənən kimsə isə uğur qazanmışdır.
15 - (O kimsə ki,) Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
16 - Xeyr, siz dünya həyatını (olduqca) üstün tutursunuz;
17 - Axirət isə daha xeyirli və daha sürəklidir.
18 - Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –
19 - İbrahimin və Musanın səhifələrində.