səhifələr

54. əl-Qamər, "Ay" surəsi

54. əl-Qamər
"Ay" surəsi, 55 ayə,
Məkkədə nazil olub.          

1 - O Saat yaxınlaşdı və ay bölündü.
2 - Onlar bir möcüzə gördükdə üz döndərib: “(Bu,) tez keçib-gedən bir sehrdir” deyirlər.
3 - Onlar (Peyğəmbəri) yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır.
4 - Onlara (küfrdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.
5 - Bu böyük bir hikmətdir. Lakin (arxa çevirənlərə) təhdidlər nə fayda verə bilər?!
6 - Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün
7 - onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
8 - Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər.
9 - Onlardan əvvəl Nuh qövmü (elçiləri) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər.
10 - O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! (Mənə) kömək et!”– dedi.
11 - Biz göyün qapılarını leysan yağışı ilə açdıq.
12 - Yeri yarıb bulaqlar qaynatdıq. (Göydəntökülənvəyerdənçıxan) sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.
13 - Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.
14 - İnkar edilmiş (peyğəmbərə) mükafat olaraq o (gəmi) Gözlərimiz önündə üzüb gedirdi.
15 - Biz onu (həmin hadisəni) (nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?
16 - (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!
17 - Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
18 - Ad (qövmü) də (elçiləri) yalançı saydı. (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!
19 - Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik.
20 - O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.
21 - (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!
22 - Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
23 - Səmud (qövmü) də xəbərdarlıqları yalan saydı.
24 - Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!
25 - Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!”
26 - Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər.
27 - Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Sən isə gözlə və səbir et!
28 - Onlara xəbər ver ki, (bu) su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”
29 - Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.
30 - (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!
31 - Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.
32 - Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
33 - Lut qövmü də xəbərdarlıqları yalan saydı.
34 - Biz onların üstünə (qasırğa ilə birgə) daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –
35 - Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.
36 - (Lut) onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.
37 - Onlar (Lutdan) qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik (və) (dedik): “Əzabımı və təhdidlərimi dadın!”
38 - Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi.
39 - Elə isə əzabımı və təhdidlərimi dadın!
40 - Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
41 - Xəbərdarlıqlar Firon nəslinə də göndərildi.
42 - Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və Qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.
43 - Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?
44 - Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!”– deyirlər?
45 - Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır.
46 - Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır.
47 - Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.
48 - O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Cəhənnəmin təmini dadın!”– (deyiləcəkdir.)
49 - Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.
50 - Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.
51 - Biz (neçə-neçə) həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?
52 - Onların etdiyi hər şey (əməllərinin yazıldığı) kitablarındadır.
53 - Hər bir kiçik və böyük (əməl) yazılmışdır.
54 - Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında,
55 - qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!